Saakaşvili daha heç kimə lazım deyil

Məşhur siyasətçi Gürcüstandan sonra Ukraynaya da dönə bilməyəcək
“Onun qarşısında yeganə alternativ çıxış yolu ABŞ-da hansısa universitetdə pedaqoji fəaliyyətə başlamaqdır”

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi ilə bağlı xəbərlər yayılıb. Məlumat Ukrayna Miqrasiya Xidməti tərəfindən təsdiqlənsə də, daha sonra xəbər təkzib olunub. Qurumdan bildirilib ki, hələlik hansısa sərəncam yoxdur, sadəcə Saakaşvilinin pasportdan məhrum edilməsi tövsiyə olunub.

Görünür, Kiyevin hakimiyyət dəhlizlərində tərəddüd davam etməkdədir. Bəlkə də, Vaşinqtondan gələn zəng qərarın geri oxunmasına səbəb olub. Xatırladaq ki, gündəmə gələn müvafiq qərarın səbəbi Saakaşvilinin vətəndaşlıq alarkən yalan informasiya verməsi ilə bağlıdır. Deyilənə görə, eks-prezident anketi doldurarkən göstərib ki, Ukraynada və ölkənin xaricində onun barəsində istintaq hərəkətləri aparılmır. Lakin məlum olub ki, həmin vaxt Saakaşvili Gürcüstanda qiyabi şəkildə həbs edilib. Ekspertlərin fikrincə, Saakaşvili vətəndaşlıqdan məhrum edilərsə, onun gələcək siyasi karyerası məhv olacaq. Xatırladaq ki, Gürcüstan hökuməti də bir neçə il qabaq sabiq qubernatoru vətəndaşlıqdan məhrum edib. 

Xəbəri ABŞ-da eşidən Mixail Saakaşvili Ukrayna hakimiyyətinin onu vətəndaşlıqdan məhrum edə bilməyəcəyini bildirib: "Mən 13 ildir Ukraynada yaşayıram, 3 inqilabda iştirak etmişəm. Cəmi bir vətəndaşlığım var, o da Ukrayna vətəndaşlığıdır. İndi məni qaçqın statusu almağa məcbur etmək istəyirlər. Lakin bu baş verməyəcək! Mən qalıb statusumu dəyişməyəcəm. Ukraynaya qayıtmaq mənim haqqımdır və mən mübarizəmi davam etdirəcəm”. Saakaşvili bildirib ki, prezident Poroşenko onun vətəndaşlıqdan məhrum edilməsi haqda qərarı gizlincə, o ölkədə olmayanda verib: "Mən, Radada oturan deputatlardan daha çox ukraynalıyam. Ukraynanı səmimi qəlbdən sevirəm”. Məsələni şərh edən israilli politoloq Avram Şmuleviç deyib ki, gürcü dostları Ukrayna Prezidenti Pyotr Poroşenkonun Gürcüstana səfərinə əbəs yerə sevinirdilər: "Rusiya hakimiyyətindən qaçanlara, xüsusilə, Donbasda vuruşan əcnəbilərə məsləhətim odur ki, təcili Ukraynanı tərk etsinlər və özlərinə yeni sığınacaq tapsınlar. Yaxın zamanlarda Ukraynada xaricilərin kütləvi şəkildə vətəndaşlıqdan məhrum edilməsi prosesi başlayacaq. Kiyev onlardan sığınacaq istəyən rusları artıq indidən Moskvaya təhvil verməyə başlayıb”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bəyan edib ki, Mixail Saakaşvili daha heç kimə lazım deyil. Ekspertin sözlərinə görə, Saakaşvili Gürcüstandan sonra Ukraynaya da geri dönə bilməyəcək: 

"Saakaşvili ortada qalıb. Vaxt var idi, onun Gürcüstanda apardığı islahatlar örnək idi. Artıq bu örnək unudulub və eks-prezident heç bir dövlətə lazım deyil. Onun impulsiv çıxışları və hərəkətləri bütün uğurlarının üstündən xətt çəkib”. E.Şahinoğlu deyib ki, M.Saakaşvilinin qarşısında yeganə alternativ çıxış yolu ABŞ-da hansısa universitetdə pedaqoji fəaliyyətə başlamaqdır: "Siyasətçi kimi o artıq Vaşinqtona da lazım deyil”.

İsmayıl