Salmanın boğazı Rəcəb Tayyib Ərdoğanın əlindədir

Qaşıqçının qətlinin təfərrüatları gec də olsa ortaya çıxacaq



İstanbul Baş Prokurorluğu jurnalist Camal Qaşıqçının dəhşətli qətli ilə bağlı rəsmi açıqlama yayıb. Məlumata görə, Qaşıqçı qabaqcadan planlaşdırılmış cinayət əsasında İstanbulda Baş Konsulluğun binasına daxil olan kimi boğularaq öldürülüb. Daha sonra isə cəsədi hissələrə ayrılaraq, yox edilib. Prokurorluq onu da bildirib ki, qətl işi Səudiyyə Ərəbistanından dəvət olunan istintaq qrupu ilə birgə araşdırılır. Qaşıqçının qətli ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri jurnalistin meyitinin harada olması ilə bağlıdır. Xeyli zaman keçməsinə baxmayaraq, müxalif jurnalistin cəsədi ilə bağlı hələ də dəqiq açıqlama verilmir. Ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Səudiyyə Ərəbistanına çağırış edərək, Qaşıqçının meyitinin yerinin açıqlanmasını tələb edib. Bəzi ekspertlərə görə, cəsəd parçalanıb yox edildiyi üçün onun yeri açıqlanmır.

Politoloq Əhəd Məmmədli "Şərq”ə açıqlamasında deyib ki, qətlin rəsmi təfərrüatları gec də olsa ortaya çıxacaq. Amma məlumatın doğru və ya yanlış olduğu bilinməyəcək:

 "Məhəmməd bin Salmanın boğazı Rəcəb Tayyib Ərdoğanın əlindədir. Bütün Qərb mətbuatı bu haqda yazır. Bunu Məhəmməd bin Salman da bilir. Ona görə də Türkiyəyə qarşı çox ehtiyatlı davranır. Ötən gün Səudiyyə Ərəbistanın prokuroru Türkiyəyə gəldi. Bu qətlin açılması yönündə hər iki tərəf birgə işləməyə çalışır. Görünür, Türkiyə bu işdə sona qədər getməyə israrlıdır. Ankara Ər-Riyada təklif edib ki, bu qətllə bağlı həbs edilən 18 nəfər Türkiyəyə ekstradisiya olunsunlar və türk hüquq-mühafizə orqanları tərəfindən dindirilsinlər. 

Hazırda Türkiyə-Səudiyyə Ərəbistanı arasında ən yüksək səviyyədə danışıqlar davam edir. Qaşıqcı qətlinin sonunu Türkiyə, Səudiyyə Ərəbistanı və ABŞ arasında siyasi qərarlar, anlaşmalar bəlirləyəcək. Reallıq odur ki, Məhəmməd bin Salman çox çətin vəziyyətdədir. Bu çətin vəziyyətdən çıxmaq üçün həm Türkiyəni, həm də Amerikanı razı salmalıdır. Məhəmməd bin Salmanın bunu bacaracağını yaxın zamanda görəcəyik”.

İsmayıl