Bütün siyasi gedişlər Sarkisyanın ölkəni növbəti mərhələdə idarə etməsinə hesablanıb
Ermənistanın "Jamanak” qəzetinin yaydığı məlumata görə, Serj Sarkisyan 2018-ci ildə yeni konstitusiya dəyişiklikləri qüvvəyə mindikdən sonra baş nazir olacaq. Məlumata görə, Sarkisyan hazırkı Baş nazir Karen Karapetyanı baş nazirin 1-ci müavini postuna razı salıb:
"Sarkisyan açıq şəkildə deyib ki, önəmli qərarlar və Qarabağla bağlı danışıqları baş nazir kimi özü aparacaq. Baş nazirin 1-ci müavini kimi isə Karen Karapetyan yenə hökumət iclaslarını aparacaq və kadr təyinatları gerçəkləşdirəcək”.
Sarkisyanın baş nazir olmaq arzusunun nə dərəcə real olduğuna gəldikdə isə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, Karapetyanın asanlıqla baş nazir postunu təhvil verməsi inandırıcı deyil.Çünki indiki baş nazir Karen Karapetyan 2018-ci ildə bu postda qalmaq niyyətini gizlətmir. Bu baxımdan o, istər-istəməz narazı qalacaq və belə asanlıqla 1-ci müavin kimi qalıb fəaliyyətini davam etdirməyəcək. Politoloqun qənaətincə, böyük ehtimalla gələn il hökumətə başçılıq etmək uğrunda Qarabağ klanının bu iki nümayəndəsi arasında ciddi mübarizə olacaq:
"Ermənistanda aprelin 18-dən sonra Sarkisyan prezidentlik postundan istefa verməlidir. Bundan sonra isə yeni konstitusiya tamamilə qüvvəyə minmiş hesab olunacaq. Əslində konstitusiyaya edilən əlavə və dəyişikliklər hazırda da qüvvədədir, sadəcə prezidentliklə bağlı maddə aprel ayında Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra Prezidentin səlahiyyətləri azaldılacaq və o, parlamentdə seçiləcək. Əsas səlahiyyətlər, həmçinin də ali baş komandanlıq baş nazirə həvalə olunacaq”.
Politoloq deyib ki, Serj Sarkisyan Konstitusiya islahatlarına gedən zaman and-aman elədi ki, yeni hökumətdə heç bir yüksək vəzifəyə sahib olmayacaq: "Yəni nə prezident, nə baş nazir, nə də parlament spikerinə iddialı olacaq. Ancaq vədinə xələf çıxmaq onun xasiyyəti üçün bizə hələ o zamanlardan inandırıcı gəlməmişdi. Bu gün isə Sarkisyan artıq özü üçün bir neçə mühüm postları nişan alıb. Onlardan biri həmin sizin qeyd etdiyiniz baş nazir vəzifəsidir ki, o yenə də hökumətə yiyələnmək istəyir. Qondarma Qarabağ Respublikasının keçmiş prezidenti Arkade Qukasyanı isə yeni prezident qoymaq istəyir”.
M.Əhmədoğlunun sözlərinə görə, Sarkisyanın özü üçün hazırladığı vəzifələrdən biri də Təhlükəsizlik Şurasının katibliyi postudur:
"Sarkisyan Şuranı gücləndirmək üçün polis qüvvələrini də həmin quruma tabe edəcək və ölkəni güc strukturları vasitəsilə idarə edəcək. Tutacağı vəzifədən asılı olmayaraq Respublika Partiyasının sədrliyini də əlində saxlayacaq. Yəni ki, bütün siyasi gedişlər Sarkisyanın ölkəni növbəti mərhələdə idarə etməsinə hesablanıb. Ermənistanın demokratik ölkə olduğunu dünyaya göstərmək üçün vəzifələr dəyişir, idarəçilik isə sabit qalır”.
Şəymən