Savadsız insanları təlaşda saxlamaq istəyirlər

Kometin Yer kürəsinə yaxınlaşacağı ilə bağlı xəbərlər sadəcə böyük oyunlardan diqqəti yayındırmaqdır


Alimlərin "Tunqusk meteoritinin anası” adlandırdıqları "Enke” kometi 2022-ci ildə Yerə təhlükəli həddə qədər yaxınlaşa bilər. Bildirilir ki, komet Yerlə toqquşacağı halda bəşəriyyət məhv olacaq.

1908-ci ildə bu kometin qəlpəsi Rusiyanın Tunqusk şəhərinin Podkamennaya çayı rayonunda yerə düşmüşdü. Bu zaman partlayışın gücü hidrogen bombasının gücünə bərabər olmuşdu.
Xatırladaq ki, bir neçə dəfə dünyanın sonu olacağı ilə bağlı iddialar da səslənmişdi. İnsanlar dünyanın dağılması xəbərinə inanır, hətta bu onların təşviş və qorxuya düşməsinə də səbəb olurdu. Lakin verilən "proqnozlar” düzgün çıxmadı. 

Bəs alimlərin kometin yerə yaxınlaşacağı ilə bağlı gəldikləri qənaət nə dərəcədə düzgündür?

Mediada daha çox belə xəbərləri təkzib edən biri kimi tanındığını deyən astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, 2012-ci ilin dekbar ayında dünyanın sonu olacağı ilə bağlı yayılan xəbərləri hətta dini şəxslər və astrofiziklər təkzib etmədilər. Astroloq bildirib ki, sanki plana uyğun olaraq insanları qorxu altında saxlamaq, yaxud da onları əsas hədəflərdən yayındırmaq və təlaşda saxlamaq istəyirdilər: 

"Çünki insan təlaşda olanda ancaq özünü, öz canını düşünür, qlobal problemlərə müdaxilə eləmir. Məsələn, dünyanın sonu ilə bağlı söhbətlərin əsası sonradan aşkar olundu, halbuki mən qabaqcadan da açıqlamalarımda məsələnin həqiqət olmadığını demişdim. Dünya bankında kredit götürmə əmsalı çox aşağı düşmüşdü və xeyli sayda insan çoxlu pul götürürdü. Fikirləşdilər ki, "onsuz da dünya dağılacaq, ona qədər kef edək”. Daha sonra 2016-cı ilin noyabrında dedilər ki, yerdə 8 gün qaranlıq olacaq. Əslində bunu Nasa demirdi, bəzən Nasanın adından belə fikirlər səsləndirirdilər. Elementar astronomik biliyi olan insan bilir ki, Yer kürəsini 8 gün qaranlıqda saxlayacaq hansısa bir olay mümkün deyil. Ən böyük planet yerin yaxınlığından, yəni günəşlə ayın arasından keçsə belə maksimum 8 saat qaranlıq ola bilər. Lakin hələ ki, belə bir hadisə də olmayıb. Olsa da, bu ancaq axşam vaxtına düşə bilər və hiss edilməz”.

S.Rəhimli deyib ki, kometlər yaxınlaşdığı zaman yerin sferasının aralığından keçir, bu zaman yerə xırda asteroidlərin düşdüyü də olub: 

"Bu xırda asteroidlər Latın Amerikasında və Avropanın müəyyən yerlərində var. Amma 2022-ci ili indidən hesablamaq mümkün deyil, Ayın və Günəşin hərəkətini bilirik . Amma asteroidin tərkibi və məsafəsini bilmək mümkün deyil. Elə bir texnologiya yoxdur ki, bütün bunları hesablayıb desin. Kometin Yer kürəsinə yaxınlaşacağı ilə bağlı xəbərlər sadəcə böyük oyunlardan diqqəti yayındırmaq üçün savadsız insanları təlaşda saxlamağa xidmət edən bir hərəkətdir. Medianın xidməti də budur ki, insanları belə bir təlaşdan uzaqlaşdırsın. Məsələn, 21 dekabr dünyanın dağılması və 2016-cı ildə 8 gün qaranlıq olması ilə bağlı xəbərlər səhv çıxdı. Buna baxmayaraq insanların bu qədər cahil təfəkkürü var, xurafata çox meyillidirlər. Mən sabah desəm ki, məsələn, avqustun 4-də fəlakət olacaq, yenə də insanlar təlaşa düşəcək. Bu cür hadisələrdə sadəcə olaraq insanları maarifləndirmək lazımdır”.

Yeganə Bayramova