Akif Nağı: “Şəhid ailələri üçün ayrılan yardım vəsaitlərinin də həcmi artırılmalıdır”
Şəhid qanı maddiyyatla ölçülməməlidir
Zahid Oruc: “Şəhidə, əsgərə o səviyyədə münasibət, hörmət bəslənməlidir ki, hərbiçilərimiz pul yox, Vətən üçün döyüşməyi qarşılarına məqsəd qoysunlar”
Akif Nağı: “Şəhid ailələri üçün ayrılan yardım vəsaitlərinin də həcmi artırılmalıdır”
Akif Nağı: “Şəhid ailələri üçün ayrılan yardım vəsaitlərinin də həcmi artırılmalıdır”
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli oktyabrın 14-də keçirilən toplantıda həmkarları Aydın Mirzəzadə və Əflatun Amaşovun "şəhidlərə verilən birdəfəlik müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun” təkliflərini qəbuledilməz hesab edib.
Deputat Hadı Rəcəbli "modern.az”a açıqlamasında deyib ki, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin artırılması barədə təkliflər ümumiləşdirilib müzakirə olunduqdan sonra baxıla bilər: "Müavinətin artırılması məsələsi dövlət büdcəsindən asılı olan məsələdir. Müavinətin müəyyən miqdarda artırılması hələ tam dəqiq deyil. Bunun arxasında maliyyə, pul da olmalıdır. 2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir”.
Komitə sədri hesab edir ki, şəhid ailələrinə deyilən qədər müavinət verilsə, o zaman Qarabağ əlilləri də müavinətlərinin artırılmasını istəyəcək. O cümlədən, başqa kateqoriyadan olanlar da, bu isə mümkün deyil:
"11 min manatın 100 min manata qaldırılmasına bugünkü dövlət büdcəmiz heç bir formada imkan vermir. Bu gün hamımız deyək ki, maaşları 22 dəfə artırmaq lazımdır. Belə deyil axı. Bunun arxasında maliyyə, pul olmalıdır.
2017-ci il üçün təsdiq olunmuş dövlət büdcəsi son 5 ilin ən az büdcəsidir. Bu cür fikirləri səsləndirərkən büdcədən xəbərdar olmaq lazımdır.
Onların büdcədən xəbərləri yoxdur. Mən onlardan yaxşı bilirəm. Belə fikirlər yalnız populizmdir. Mümkün deyil”
Hadı Rəcəblinin bu cür bəyanatları isə sosial mediada, ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
İqtisadçı-ekspert Nazim Bəydəmirli isə millət vəkilinin sözügedən açıqlaması fonunda feysbuk hesabında belə bir paylaşım edib: "Hərbçinin ölümünə görə İtaliya 120 min, İsveç 100 min, Ukrayna 50 min, Rusiya da təxminən 50 min, ABŞ isə 250 min dollar sığorta verir. Hətta ABŞ-da alternativ də var, sığortadan imtina edib ayda 10 min dollar maaş da almaq mümkündür”.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə hesab edir ki, biz heç bir halda bu müzakirələrin şəhid qanının, canının maddi qiymətləndirilməsi həddinə düşməsinə yol verməməliyik: "Burda söhbət müharibə iştirakçılarından gedir ki, insanlar onlara münasibətdən narahatlıq keçirməsinlər və doğrudan da, xüsusi bir statuslu insan olduqlarını bilsinlər. Qarabağ məsələsi ölkənin əsas problemi olduğundan, müharibədə iştirak edənlərə, şəhid olanlara və onların ailələrinə çox ciddi münasibətə ehtiyac var. Dövlət, millət üçün şəhidə, şəhid ailəsinə münasibət həmişə yüksək səviyyədə olub. Bu münasibət heç zaman dəyişmir. Hesab edirəm ki, hərbiçinin ölümünə görə, konkret məbləğ müəyyənləşdirilməsi məsələsini müzakirə predmetinə çevirmək ağır mənzərə yaradır. Sanki biz insanlara Vətən uğrunda döyüşməyin qiyməti budur mesajını vermiş oluruq. Həyatda ölümdən ağır heç nə yoxdur. Əgər insan vətən uğrunda öz həyatından keçibsə, dövlət bunu lazımınca qarşılamalıdır”.
Millət vəkilinin sözlərinə görə, problemin həllinə mütləq şəkildə model tapmaq imkanı var: "Azərbaycanın bu problemin həllinə potensial imkanları var və böyükdür. Odur ki, şəhidlik mərtəbəsinə yüksələn hərbiçilərimizin ailələrinin problemlərinin aradan qaldırılması üçün dövlət öz resurslarını əsirgəməməli və ədalətli bir həll modeli tapmalıdır. Hadı Rəcəblinin "şəhidlərə verilən birdəfəlik müavinətin miqdarı 10 dəfə artırılaraq 100 min manat olsun” təklifini mümkünsüz adlandırması o deməkdir ki, o bunu istəmir. Yaxud da ki, ölkənin büdcə vəsaitlərinin şəhid ailələrinə verilməsinə qarşıdır. Xeyr, belə deyil. Hər halda onun da öz arqumentləri var. Mənim fikrimcə, şəhidə qiymət maddiyyatla ölçülməməlidir. Şəhidə, əsgərə o səviyyədə münasibət, hörmət bəslənməlidir ki, hərbiçilərimiz pul yox, Vətən üçün döyüşməyi qarşılarına məqsəd qoysunlar. Şəhidlərimizin heç biri aylıq və ya illik müavinət üçün həlak olmayıblar. Bu mübarizə fərdlərin yox, xalqın davasıdır. Amma razıyam ki, zabitin səngərdə döyüşməsinin qiyməti bir diplomat və ya parlament üzvünün gördüyü işdən daha üstündür. Türkiyədə və bir sıra dünya ölkələrində insan faktoruna çox önəm verilir. Bu ölkələrdə hərbi qulluqçu dünyasını dəyişərkən onun ailəsinin qarşılaşdığı bütün problemlər dövlət tərəfindən həll olunur. Təqdirəlayiq haldır ki, artıq şəhidlərimizin yüksək səviyyədə dəfn edilməsi və adının əbədiləşdirilməsi istiqamətində tədbirlərin keçirilməsi ənənəsi son dövrlər bizdə də formalaşmağa başlayıb”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə deyib ki, şəhid ailələrinə dövlət tərəfindən ən yüksək səviyyədə diqqət göstərilməlidir: "Hesab edirəm ki, şəhid ailələrinə birdəfəlik maddi yardımın 11 min manatdan 100 min manata çatdırılması ilə bağlı Milli Məclisdə qaldırılan təşəbbüs çox doğrudur. Hətta 100 min manat da şəhid ailəsi üçün az məbləğdir. Çünki insan həyatı heç bir halda pulla ölçülə bilməz. Hər halda, şəhid ailəsi üçün indiki şəraitdə 100 min manatın özü də bir köməkdir. 11 min çox cüzi məbləğdir. İqtisadi böhran şəraitində 100 min manatı məqbul hesab etmək olar. Azərbaycanın iqtisadi imkanları artdıqca, şəhid ailələri üçün ayrılan yardım vəsaitlərinin də həcmi artırılmalıdır. Elə bir səviyyəyə çatdırılmalıdır ki, şəhid ailəsi öz həyatını rahat bir şəkildə davam etdirə bilsin. Özünə iş qursun”.
QAT sədri Hadı Rəcəblinin birdəfəlik müavinətlə bağlı fikirlərini əsassız hesab etdiyini deyib. O hesab edir ki, Sosial siyasət komitəsinin sədrinin səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur: "Hadı Rəcəbli deyir ki, şəhid ailələrinə birdəfəlik yardım artırılsa, Qarabağ qaziləri də bu qədər pul ayrılmasını tələb edəcək. Bu, düzgün yanaşma deyil. Heç kimsə şəhidlə müqayisə oluna bilməz. Qarabağ qazilərinə də yardım artırılmalıdır, amma bu məbləğdə deyil. Şəhid ailəsinə ayrılan vəsait hamısından yüksəkdə olmalıdır. Heç qazilər də şəhid ailələrinə edilən yardımın artırılmasına bir söz deməz. Yəqin Hadı müəllimin arqumentləri qurtardığı üçün belə danışır. Mənasız səbəb gətirməklə məşğuldur”.
Şəymən