Səhvlərini etiraf etdi, peşmançılıq keçirdi

İndiki şəraitdə Lapşinin İsrailə təhvil verilməsinə hansısa maneə yoxdur


"Belarus dövləti blogger Aleksandr Lapşini Azərbaycana iki ölkə arasında mövcud olan hüquqi əlaqələr müstəvisində təhvil verib. Hüquqi əməkdaşlıq müstəvisində Lapşinin İsrailə verilməsi də mümkündür”.

Bunu "Şərq”ə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Lapşinin ekstradisiyası ətrafında gedən söz-söhbəti şərh edən ekspert bildirib ki, belə məsələlər dövlətlərarası münasibətlərdə vacib məqamlar hesab olunur: 

"Prinsip etibarı ilə əsas məsələ Aleksandr Lapşinin Azərbaycana gətirilməsi və ölkəmizdə məhkəmə qarşısına çıxarılmasıdır. Blogger öz səhvlərini etiraf etdi və onun peşmanlıq ifadələri həm ölkə mediasında, həm də dünya mətbuatında öz əksini tapdı. Yəni hüququn çəkindirici istiqamətlərində Azərbaycan öz qanunvericiliyinə uyğun olan bütün addımları atdı”.

E.Mirzəbəylinin sözlərinə görə, indiki şəraitdə Lapşinin İsrailə təhvil verilməsinə hansısa maneə yoxdur:

 "Nəzərə almaq lazımdır ki, İsrail Azərbaycanla dost dövlətdir, bizim yaxın əməkdaşlığımız var. Müxtəlif istiqamətlərdə Azərbaycanın maraqlarını hər zaman qorumağa çalışan bir dövlətdir. Əgər ortada təşəbbüs varsa, təbii ki, qanunvericilik çərçivəsində həyata keçiriləcək. Burada problemli şey yoxdur. Məsələnin ictimaiyyət arasında fərqli istiqamətə yozulmasını lazımsız hesab edirəm. Azərbaycanlılar xarici ölkələrdə tutulanda müqaviləyə əsasən ölkəmizə ekstradisiya olunduğu kimi Lapşin də öz ölkəsinə göndərilə bilər. Bu, beynəlxalq müstəvidə qəbul olunmuş bir əməkdaşlıqdır”.

İsmayıl