Bunu anladıq, bəs oradakı istirahət mərkəzləri niyə bağlanmır?
“Bizdə biznes qruplarına əhalini soymaq üçün bütün imkanlar yaradılıb. İnsanların həyatı, təhlükəsizliyi, sağlamlığı isə onlar üçün maraqlı deyil”
Havaların kəskin istiləşməsi və günəş şüalarının yandırıcı təsiri sərinlənmək həvəsində olan insanları dəniz sahilinə üz tutmağa vadar edir. Amma bürkü əlindən çimərliklərə üz tutan insanların heç də hamısı xoş mənzərə ilə qarşılaşmır. Xəzərin sahilboyu "müdafiə istehkamları” ilə əhatə olunmasına şahidlik edən şəhər sakinləri dənizə qovuşmaq üçün istər-istəməz əllərini ciblərinə salmalı olurlar.
Çünki insanların üzünə açıq olan pulsuz çimərliklər yox səviyyəsindədir. Olanlar da bərbad vəziyyətdədir. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq xəbərdarlıq edir ki, Şıx çimərliklərinə təmizlənməyən tullantı suları axıdılır. Məhz bu səbəbdən də sözügedən çimərliklər yararsız hesab olunur. Ancaq çirklənmiş dəniz suyunda çimməyin insan orqanizmi üçün təhlükəli olduğunu dərk etməyən insanlar yenə də tövsiyə olunmayan çimərliklərə üz tutur, bunun səbəbini də hasara alınan çimərliklərin giriş pulunun həddindən artıq baha olduğunu iddia edirlər. Şəxsi feysbuk hesabında sözügedən məsələyə toxunan jurnalist Xəqani Səfəroğlu isə haqlı olaraq sual edir: "Şıxov çimərliyində su çirklidirsə, niyə bəs oradakı istirahət mərkəzləri bağlanmır? Absurddur... Nazirlik rəsmi məlumatında Şıxovdakı dəniz suyunu "çox çirkli” elan edib. Amma oradakı sahilboyu olan istirahət mərkəzləri öz işindədir. Buna kim aydınlıq gətirməlidir? Camaat o suda çimə bilər, ya yox?”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, bütün bunlar aidiyyəti dövlət orqanlarının istehlakçılara qarşı biganə münasibətinin göstəricisidir: "Nazirliyin biri apardığı monitorinqin nəticəsi olaraq Şıxovdakı dəniz suyunun çimmək üçün yararlı olmadığını deyir. Digər nazirlik isə boğulmalara qarşı mühafizə xidməti yaradır. Bütün bu isə hökumətin effektsiz istehlakçı siyasətinin sübutudur. Azərbaycanda istehlakçıların hüquqları arxa plana atılıb. Dənizi hasarlayıb, vətəndaşların istirahət etməsinə baryer quran "işbazlar” dövlətin istehlakçılara qarşı laqeyd münasibətindən istifadə edərək öz ciblərini doldururlar. Sözügedən çimərliklə bağlı bizə daxil olan şikayətlərin sayı-hesabı yoxdur. İddialara görə, pullu çimərliklərin girişində insanlardan 12 manat pul alırlar. İstehlakçılar da dənizdəki sıxlıq səbəbindən oturmağa yer belə tapmırlar. Bu, anormal və çox biabırçı haldır. Şimal Buzlu okeanından başqa dünyanın bütün okeanlarında, dənizlərində çimmişəm. Çimərlik həvəskarı olduğum üçün bu məsələdə daha həssasam.
Elə bu yaxınlarda da Kiprdəki çimərliklərdə olmuşam. Ancaq ən qatı kapitalist ölkələrinin çimərliklərində belə Azərbaycandakı anormallıqla rastlaşmamışam. Ən yüksək standartlara sahib çimərliklərdə belə qiymətlər Azərbaycanın çimərliklərindən 2 dəfə ucuzdur. Suyun şəffaflığına və xidmətin keyfiyyətinə söz ola bilməz. Bizdə isə biznes qruplarına əhalini soymaq üçün bütün imkanlar yaradılıb. İnsanların həyatı, təhlükəsizliyi, sağlamlığı isə onlar üçün maraqlı deyil. 20 ildir bu sahədə işləyirik, amma hələ də dövlət qurumlarının sinxron əlaqələrinə nail ola bilməmişik. Sözügedən çimərlikdə fəaliyyət göstərən istirahət mərkəzlərində lisenziyaların verilməsində tanışlıq və rüşvət halları olduğundan nazirliyin xəbərdarlığına məhəl qoyulmur”.
Şəymən