Soçi görüşü yeni başlanğıc ola bilər

Vasif Əfəndiyev: “Azərbaycan ictimaiyyəti Rusiyanın tələblərini çox yaxşı bilir”
Qabil Hüseynli: “İrəliləyiş gözləyirəm”

"Azərbaycan və Ermənistan hazırda yeni münaqişə astanasındadır. Danışıqlar dondurulub”. Bu sözləri rusiyalı politoloq Sergey Markov deyib. Ekspertin fikrincə, Soçidə İlham Əliyevlə Vladimir Putin arasında Soçidə İlham Əliyevlə Vladimir Putin arasındaməsləhətləşmələr boş yerə keçirilməyib. Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas müzakirə predmetlərindən biri olub:

"Status-kvo Ermənistana sərf edir, İrəvan əsaslı danışıqları bloklayır. Danışıqlar bərpa olunmasa, hərbi əməliyyatların başlanması demək olar ki, qaçılmazdır. Danışıqlar masasına necə qayıtmalı, münaqişənin nizamlanması ilə bağlı yeni müqavilə necə olmalıdır, bütün bu məsələlər Putin-Əliyev görüşündə müzakirə edilib”. S.Markov hesab edir ki, yaxın vaxtlarda Rusiya və Ermənistan prezidentləri də görüşəcəklər: "Hesab edirəm ki, Rusiya-Ermənistan danışıqları keçiriləcək. Ya yeni razılıq əldə olunacaq, ya da hərbi əməliyyatlar olacaq. İndi məsələ daha sərt qoyulub”.

Məsələni "Şərq”ə şərh edən siyasi ekspert Vasif Əfəndiyev bildirib ki, hər dəfə Dağlıq Qarabağın işğaldan azad olunması üçün müəyyən hərəkətliliklər baş verdikdə Rusiya münaqişənin həllinin yalnız onun razılığı ilə mümkünlüyünü göstərməyə çalışır. Ekspertin fikrincə, beynəlxalq hüquq normalarına uyğun olaraq bu münaqişənin həllinin bir variantı var. O da Azərbaycanın ərazi bütövlüyünü saxlamaq şərtilə Dağlıq Qarabağda yaşayan ermənilərə özünüidarəetmə statusunun verilməsidir: 

"24 il ərzində davam edən bütün danışıqlarda bu tələb əsas prioritet təşkil edib. Bütün rəsmi danışıqlar və razılaşmalarda Ermənistan tərəfi beynəlxalq tələblərin şərtlərini qəbul etsə də, problemin həlli istiqamətində destruktiv mövqe sərgiləyir”. Politoloq Prezidentlərin Soçi görüşü barəsində də danışıb. Ekspertin fikrincə, gələcəkdə hər hansı razılaşmanın əsasının qoyulmasının və ya Dağlıq Qarabağ ətrafındakı rayonlardan bir neçəsinin qaytarılmasının mümkünlüyündən bəhs edilsə də, reallıq başqadır. İşğal olunmuş ərazilərimizin bir hissəsinin qaytarılmasını Rusiya mümkün saysa da, bunun nəyin bahasına başa gələ biləcəyini düşündükdə problemin dondurulmuş vəziyyətdə qalması daha məqsədəuyğun görünür. Məsələ ilə bağlı detalları tam açıqlamasam da, Azərbaycan ictimaiyyəti Rusiyanın tələblərini çox yaxşı bilir”.

Politoloq Qabil Hüseynli isə bəyan edib ki, Soçi görüşü torpaqlarımızın geri qaytarılması üzrə danışıqlara start verə bilər: 

"Əvvəlki görüşlərə nisbətən, bu görüşdə daha məqbul variantlar üzərində iş aparıla bilər. Əvvəla ona görə ki, Putin bu məsələdə Azərbaycanı öz tərəfində görmək istəyir və buna görə də Azərbaycanın istəklərini yerinə yetirməyə məcburdur. İkinci tərəfdən, Azərbaycan tərəfi son döyüşlərdə erməni tərəfinə ciddi dərs verdi. Azərbaycan ermənilərin üzərində həlledici üstünlüyə malik olduğunu göstərdi. Ermənilər əvvəlki kimi havalı-havalı, qalib gəlmiş dövlət ədası ilə stol arxasında otura bilməyəcəklər. Bir sözlə, Qarabağ münaqişəsinin həllində həlledici söz Rusiyanın üzərinə düşür. Rusiya istəsə bu problemi ədalətli çərçivədə həll edə bilər”. Q.Hüseynlinin sözlərinə görə, Soçi görüşü Qarabağ münaqişəsinin həlli istiqamətində dönüş yarada bilər: "Danışıqlardan pozitiv bir şey gözləməsəm də, irəliləyiş gözləyirəm. Ən azından işğal olunmuş ərazilər danışıqların predmeti ola bilər”.

İsmayıl