«Sputnik Azərbaycan» «Şərq»in qonağı oldu

«Sputnik Azərbaycan» xəbər agentliyinin rəhbəri Əziz Əliyev, agentliyin baş redaktoru Mətin Məcidli, radio bölməsinin redaktoru Natiq Məmmədli, «Sputnik» Xəbər Agentliyi mərkəzi ofisinin mətbuat xidmətinin rəhbəri Aleksandra Çernyak dünən «Şərq»in qonağı oldu.
 Gəlişin məqsədi «Şərq» redaksiyasında yaradılmış Milli Mətbuat Tarixi muzeyi ilə tanışlıq idi. Bunu söhbətin əvvəlində Əziz Əliyev özü söylədi: «Eşitdik ki, Mətbuat Tarixi Muzeyi açılıb, təbii, media təmsilçiləri kimi bu, bizi çox maraqlandırdı və muzeylə tanış olmaq istədik. Əliboş da gəlməmişik. «Sputik Azərbaycan»ın fəaliyyətini əks etdirən, hesabat xarakterli kitab-kataloqu sizə təqdim edirik» Ə.Əliyev əlavə etdi ki, kitab-kataloq məxsusi şəkildə nəşr edilib və məhdud saylıdır. Məhdud saylı kitab-kataloqun bir nüsxəsi «Şərq»ə hədiyyə edilir. Kataloqda «Rossiya seqodnya» Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, Rusiyanın məşhur telejurnalisti Dmitriy Kiselyovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə «Spuntik Azərbaycan» üçün aldığı müsahibə yer alıb, həmçinin xəbər agentliyinin fəaliyyəti geniş əks olunub. Bundan başqa «Sputnik Azərbaycan»dan «Şərq»li həmkarlarına iş fəaliyyətlərində istifadə edə biləcəkləri hədiyyə paketi də təqdim olundu.
Sonra qonaqlar muzeylə tanış oldu. «Şərq»in baş redaktoru, mətbuat tarixi tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı muzeydə nümayiş olunan eksponatlar barədə qonaqlara ətraflı məlumat verdi. 
Qonaqlar redaksiyanın otaqlarında yerləşdirilmiş mətbuat tariximizin qızıl səhifələrini əks etdirən sənədlərlə, fotolar, əlyazmalar, milli mətbuatımızın yaranma tarixi, 19-20-ci əsrlərdə nəşr edilmiş qəzetlərin orijinal nüsxələri, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi, sonrakı mühacir mətbuatı, sovet mətbuatı və müstəqilliyini təkrar qazanmış Azərbaycanın demokratik dövr mətbuat tarixi ilə tanış oldular.
«Sputnik Azərbaycan»ın rəhbəri Əziz Əliyev mətbuat tarixi muzeyinin yaradılmasını böyük fədakarlıq adlandırdı: «Həqiqətən, çox böyük iş görmüsünüz. Tarixi qoruyub saxlamaq lazımdır. Burada nümayiş olunan eksponatlar mətbuat tarixinin şərəfli səhifələridir. Bunlara baxanda, bizdən əvvəlki jurnalistlərin, yazarların, qələm adamlarının necə çətinliklə çalışdıqları görünür. İnternetin, kompüterin, sosial şəbəkələrin olmadığı zamanlarda jurnalistlər böyük zəhmətlə, əziyyətlə mətbuat yaradıblar, xəbər yaymaqla məşğul olublar».
«Şərq»in baş redaktoru A.Aşırlı qonaqlara ziyarət üçün təşəkkür etdi:
- Diqqətinizə görə təşəkkür edirəm. Biz «Sputnik Azərbaycan»ı izləyirik. MDB məkanında geniş arealı əhatə etdiyinizi bilirik. Xəbərlərinizi oxuyuruq. «Sputnik Azərbaycan» kimi xəbər agentliklərinin varlığı dövlətlərarası və millətlərarası münasibətlərin möhkəmlənməsində və xəbər paylaşımında böyük əhəmiyyətə malikdir. Bilirsiz ki, Azərbaycan multikultural bir ölkədir. Rus xalqının nümayəndələri əsrlərdir bizimlə birgə yaşayır. Rusdillilər də çoxdur, rus dilli məktəblərimiz də var. Mətbuat tariximizin başlanğıcında da rus dilli qəzetlərimiz olub. 1871-ci ildə Bakıda ilk mətbu orqanı - «Bakinskiy listok» məhz rus dilində dərc olunub. Muzeydə onun nüsxələrinin foto-surətləri də var. «Bakinskiy listok»u Xristian Sink nəşr etdirib. Sonra Xristian Sink Həsən bəy Zərdabiyə «Əkinçi» qəzetini nəşr etdirməkdə köməklik göstərib».
Qonaqlar mətbuat taixi muzeyi ilə tanışlıqdan və yeni bilgilər əldə etdiklərindən məmnunluq duyduqlarını ifadə etdilər.
Məlahət Rzayeva