"Star" beynəlxalq iqtisadi əlaqələrin yeni bir istiqamətidir

"Azərbaycanın dünyaya Türkiyə üzərindən açılması iqtisadi gəlirlərlə bərabər, həm də mühüm siyasi dividendlər deməkdir"
"Neft emalı zavodunun açılışı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir"


Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi münasibətlərinin ən yüksək səviyyədə inkişafı regionun tərəqqisinə əvəzsiz töhfə verməkdədir. Müasir geosiyasi şəraitdə Azərbaycanın ən etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətləri möhkəmləndirməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır və bütün sahələrdə əməkdaşlığın genişlənməsinə stimul verir. İki dövlət arasında ötən illər ərzində bir çox ortaq layihələrə imza atılıb. Buna misal olaraq "Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunmasını, Şimal-Qərb enerji layihəsini və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşmasını göstərmək olar. 

Bu layihələr regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Adıçəkilən layihələrdən sonra 2012-ci il iyunun 26-da Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladıqları sazişlə həyata keçirilən Trans-Anadolu təbii qaz boru xətti ölkələrimizin nüfuzunu daha da artırdı. Bu istiqamətdə reallaşdırılan, ölkələrimiz arasındakı qardaşlıq tellərini bir qədər də möhkəmləndirən və dövlət başçılarının güclü siyasi iradəsini nümayiş etdirən ortaq işlərdən biri də "Star” neft emalı zavodunun İzmirdə açılması oldu. Azərbaycan dövlət başçısı İlham Əliyevin tədbirdə bəyan etdiyi kimi, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Həqiqətən bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ümumi neft emalı gücü 10 milyon ton olan "Star” zavodu Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biridir. "Star” Türkiyədə özəl sektorun ən böyük investisiya layihəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Həyata keçirilmə müddətində 19 min 500 işçinin çalışdığı bu layihə Azərbaycanın bölgədə reallaşdırdığı nəhəng, qlobal layihələrindən heç də geri qalmır. Əksinə, istehsala başladığı zaman 1100 nəfərin yeni iş yeri ilə təmin olunacağı, neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracağı "Star”, strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Türkiyənin idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq bu müəssisə çox böyük enerji layihəsi sayılır. Türkiyə və Azərbaycan iqtisadiyyatına mühüm fayda verməklə yanaşı, zavod həm də bölgənin rifahını da yüksəltmiş olacaq. Sözsüz ki, "Star” neft emalı zavodunun iqtisadi səmərəliliyi kifayət qədər çoxdur və hər iki ölkənin maliyyə imkanlarının hər il əhəmiyyətli dərəcədə artmasına verəcəyi töhfələr də danılmazdır. Təbii ki, iqtisadi yüksəliş, iqtisadi inkişaf dövlətlərin hər sahədə inkişafını təmin edir və iqtisadiyyatı güclü olan ölkə güclü ölkədir. Məsələ burasındadır ki, bu layihə təkcə iqtisadi səmərəliliyi ilə xarakterizə edilə bilməz. Bu cür layihələr siyasi dividendlər də gətirir. Azərbaycan da, Türkiyə də tarixən təzyiqlərə məruz qalıb. Azərbaycan həmişə Türkiyənin, Türkiyə isə Azərbaycanın yanında olub. Bunun nəticəsidir ki, bu gün iki ölkə birlikdə böyük işlər həyata keçirir.

"Star” zavodunun iqtisadi və siyasi əhəmiyyəti ilə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru Cümşüd Nuriyev bunun ən böyük iqtisadi meqa layihə olduğunu deyib. Professor bəyan edib ki, Azərbaycanın Türkiyə üzərindən dünyaya açılması təsadüfi deyil. Türkiyə NATO ölkəsidir və 80 milyon əhalisi var. Ən əsası isə dili və dini bir olan, hər zaman bizi dəstəkləyən qardaş ölkədir: 

"Azərbaycan qardaş dövlətə sərmayə qoymaqla yanaşı, eyni zamanda Türkiyənin iqtisadi təhlükəsizliyinin təminatını həyata keçirir. Türkiyənin karbohidrogen ehtiyacının 25 faizini Azərbaycan tam ödəyəcək. Zavodun işə düşməsi ilə ölkə daxilində aviasiya benzini istehsal olunacaq, tullantılardan istifadə ediləcək. Həmçinin, Azərbaycan hər il 500 milyon dollar gəlir götürəcək. Xatırladım ki, "Star” neft emalı zavodunun ərazisi iqtisadi zona elan olundu. Bu o deməkdir ki, bölgədə Rusiyanın və Qazaxıstanın da nefti istehsal olunacaq. Nəzərə alsaq ki, Rusiya əhalisinin beşdə biri, 22 faizi türk kökənlidir, deməli Türkiyədə yeni "türk iqtisadi bloku” formalaşmaqdadır. Gələcəkdə Türkmənistan da bura qoşula bilər. Türkmənistanın dünya bazarına çıxara biləcəyi nefti var”.

C.Nuriyev bəyan edib ki, zavodun açılışı Türkiyədə urbanizasiya məsələsinə də böyük xidmət göstərəcək:

 "İzmirin yeni bir sənaye rayonu kimi formalaşması İstanbulun iqtisadi yükünü azaltdı. Azərbaycan "Star” zavodunu Ceyhanda da aça bilərdi, lakin zavodun İzmirdə açılması Azərbaycanın Türkiyə daxilində iqtisadi şaxələnməsini göstərir. Bu layihə sözün həqiqi mənasında beynəlxalq iqtisadi əlaqələrin yeni bir istiqamətidir. Azərbaycanın dünyaya Türkiyə üzərindən açılması iqtisadi gəlirlərlə bərabər, həm də mühüm siyasi dividendlər deməkdir. Əməkdaşlıq sıxlaşdıqca Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həmsədr Rusiyanın və Qazaxıstanın siyasi dəstəyini almaq mümkün olacaq. Unutmayaq ki, siyasi mövqelər iqtisadi bazanın üzərində qurulur. Bu baxımdan Azərbaycan Prezidenti ən böyük layihələrdən birinə imza atdı. Bu, mühüm töhfədir”.

Ekspertin sözlərinə görə, SOCAR-ın transmilli koorporasiya kimi dünya arenasına çıxması və şaxələnməsi ölkəmizi çox qabağa aparıb: 

"Belə davam edərsə, SOCAR yaxın 5 ildə dünyanın TOP-100-lüyündə yer alacaq. Halbuki, bundan illər öncə SOCAR sıralamada 500-lüyə düşürdü. İndiki nəticə 10 milyon əhalisi olan Azərbaycan üçün çox böyük göstəricidir. Azərbaycan yaxın gələcəkdə iqtisadi cəhətdən qüdrətli dövlətə çevriləcək. Çünki xarici siyasətimiz çox düzgün formalaşıb”.

Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu da "Şərq”ə açıqlamasında vurğulayıb ki, Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılışı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Deputatın fikrincə, zavodun açılışı həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatının inkişafı və gələcək perspektivləri baxımından çox böyük dividendlər vəd edir. Çünki Türkiyə böyük ölçüdə enerji daşıyıcılarını idxal edən bir ölkədir:

 "Bu, iqtisadiyyatın bütün sahələrinin inkişafına mənfi təsir göstərməklə bərabər, Türkiyədə istehsal olunan bütün çeşid malların maya dəyərinin də artmasına səbəb olur. Azərbaycanın dövlət şirkəti olan SOCAR vasitəsilə belə bir zavodun inşa olunması Türkiyə iqtisadiyyatını böyük miqyasda sabitləşdirəcək perspektivə malikdir. Belə ki, zavodda hər il 5 milyon ton dizel yanacağı istehsal olunacaq. Bu da Türkiyənin xaricdən idxal etdiyi dizel yanacağının 40, mayeləşdirilmiş qazın isə 70 faiz aşağı düşməsinə gətirib çıxaracaq və nəticədə qardaş ölkənin iqtisadiyyatına yeni dinamizm gətirəcək. Əlbəttə ki, bu layihələr Azərbaycan iqtisadiyyatına da 100 milyonlarla xarici valyuta qazandırmaqla yanaşı, həm də Türkiyənin enerji bazarında onun yerini və rolunu bir daha möhkəmləndirəcək”. 

Bundan başqa, "Star” neft emalı zavodunda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq ki, bu məhsullar da Azərbaycanın inşa etdiyi "Petkim” neft-kimya kompleksinin neft və qarışıq ksilenə olan tələbatını tam ödəməklə, bu zavodun da fəaliyyətinin təmin olunması üçün bir növ xammal bazası rolunu oynayacaq. Bütövlükdə bu nəhəng layihə iki ölkənin iqtisadiyyatının qarşılıqlı inteqrasiya etməsi və inkişafı üçün ciddi fundamental əsas yaradıbdır. Bu da hələ son deyil. Çünki inşa edilmiş "Star” neft emalı zavodunun potensialı o qədər böyükdür ki, geniş miqyasda Azərbaycan, Türkiyə və Avropaya qədər uzanacaq geostrateji bir rayonda enerji daşıyıcılarının qiymətinin sabitləşməsinə və təhlükəsizliyin təmin olunmasına gətirib çıxaracaq. Cənab Prezident bu böyük layihənin açılış mərasimində çıxış edərkən qeyd etdi ki, "Star” neft emalı zavodunun açılması bir daha onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün hədəflərə uğurla çatırıq”. 

Millət vəkili düşünür ki, TANAP layihəsinin açılışından sonra yenidən belə bir müasir istehsalat müəssisəsinin açılması Türkiyə-Azərbaycan münasibətlərinin göstəricisi olmaqla yanaşı, bu əlaqələrin gələcəyini geostrateji müstəvidə təmin edən əsaslardan biridir: 

"Əlbəttə ki, Türkiyə-Azərbaycan münasibətləri hamı üçün örnəkdir. Təsadüfi deyil ki, cənab Prezident bu zavodun açılışında çıxış edərkən vurğuladı ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyıb. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik. Heç şübhəsiz, bu gün Azərbaycan Prezidenti tərəfindən atılan addımlar Türkiyə-Azərbaycan münasibətlərini elə bir strateji mərhələyə daşıyıb ki, iki ölkə arasında münasibətlərin bundan sonrakı inkişafı üçün də yeni mükəmməl şərtlər formalaşdırıb. Bütün atılan addımlar isə birlik və bərabərliyimizin, o cümlədən strateji müttəfiqliyimizin bundan sonra da davam etdirilməsini təmin edib”.

İsmayıl