“Bütün Qərb dünyası Türkiyənin Avropa İttifaqına yaxınlaşmasına, üzv olmasına qarşı çıxır”
"Ölüm cəzasının bərpa olunacağı halda Türkiyə Avropa Birliyi tərəfindən təcrid olunacaq”.
Bunu Avropa Parlamentinin sədri Martin Şults bildirib. Türkiyədə müxalifçilərin həbsinə
münasibət bildirən Şults bu ölkənin Avropa Birliyinə daxil olması ilə bağlı danışıqların kəsilə
biləcəyini deyib:
"Biz Avropa Birliyində fikirləşməliyik ki, hansı iqtisadi sanksiyalara müraciət edə bilərik”.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin sədri Martin Şultsun
sözlərinə sərt cavab verib. Nazir Şultsu riyakarlıqda ittiham edib: "Təhdidlər siyasətimizə təsir
etməyəcək. Yaxşı olardı ki, Şults Avropa parlamentində PKK-nın fəaliyyətini dayandırsın,
terrorçulara qarşı çıxış etsin. Biz bu məsələdə hələ ki Avropa İttifaqı nümayəndələrinin, o
cümlədən Şultsun ikiüzlülüyü və ikili standartlarını müşahidə edirik. İnsan haqları mövzusunda
dərs keçmək istəyənlərin riyakarlığı bizə yaxşı məlumdur”.
Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev "Şərq”ə açıqlamasında bildirib ki, təkcə Martin Şults deyil, ümumiyyətlə bütün Qərb dünyası Türkiyənin Avropa İttifaqına yaxınlaşmasına, üzv olmasına qarşı çıxır və bu istiqamətdə bəyanatlar verirlər: "Şultsun "insan haqlarını” əlində bayraq edərək Türkiyəni ittiham etməsi qardaş ölkəyə qərəzli münasibətdən irəli gəlir. Söhbət FETÖ-dən, PKK-dan, ölüm cəzasından getmir, məqsəd Türkiyəni təslim almaq, rəsmi Ankaranı Qərbin dedikləri ilə oturub-durmağa məcbur etməkdir. Onlar Türkiyənin Avropa üzvü olmağını
istəmirlər. Türkiyəni müsəlman dövləti kimi daim geridə qalmış, xarici siyasətini düzgün
qurmayan bir dövlət kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışırlar. Türkiyə isə bu cür
addımlar atmaqla öz siyasətində dönməz olduğunu isbatlamaq istəyir. Xarici siyasətinə heç
kimin qarışa bilməyəcəyini göstərir. Ancaq Avropa Parlamenti hesab edir ki, Türkiyənin həyata
keçirdiyi siyasətdə insan haqlarına toxunan məqamlar var. Halbuki bu gün Avropa ölkələrindəinsan haqları daha çox pozulur”.
A.Nağıyevin sözlərinə görə, bütün bu məsələlərin arxasında Türkiyəni sıxışdırmaq, Avropa Birliyinə qəbul etməmək durur: "Almaniyada hazırda 34 nəfər diplomatik pasporta sahib FETÖ-çü, hərbi qiyamda iştirak edən şəxs var. Amma Berlin onların qaytarılmasını "mümkünsüz” hesab edir. Əslində Avropada PKK-nı dəstəkləyənlərin hansı ölkələr olduğu hamıya məlumdur”. Politoloqa görə, Türkiyədə ölüm cəzasının müzakirə olunması Avropada müsbət hal kimi dəyərləndirilmir: "Türkiyənin çətin vəziyyətində bu faktordan Ankara hökumətinin əleyhinə istifadə etməyə çalışacaqlar”.
İsmayıl