Suriya qaçqını bəhanədir

ABŞ-dakı erməni lobbisi çalışır ki, işğalçıya maliyyə yardımı dayanmasın



Amerika Birləşmiş Ştatları Ermənistana ayrılan maliyyə yardımını üç dəfə azaldıb. Lakin əvəzində düşmən ölkəyə Suriya qaçqınları üçün vəsait ayırmağı planlaşdırıb. Xatırladaq ki, ABŞ 2018-ci il üçün Ermənistana 6,2 milyon dollar maliyyə yardımı ayırıb. Lakin 2016-cı ildə həmin yardımın dəyəri 20,4 milyon dollar məbləğində idi.

İddialara görə, guya Ermənistan Suriya böhranı başlayandan bu günə qədər 20 min suriyalı qaçqını qəbul edib. Bu ilin aprelində ABŞ Konqresinin Erməni-Amerika Dostluq qrupu Ermənistanı "qaçqınlar üçün xüsusi təhlükəsiz ərazi” elan etmək təşəbbüsü ilə çıxış edib. Bu isə Ermənistana digər ölkələr və beynəlxalq donor təşkilatlar tərəfindən maliyyə yardımı ayrılmasını özündə ehtiva edir. Əslində düşmən ölkənin bərbad siyasi və iqtisadi vəziyyəti hamıya bəllidir. Xarabalığa çevrilən Ermənistan öz yerli əhalisini belə normal yaşamla təmin etməkdə acizdir. Problemlər səbəbindən kütləvi şəkildə boşalan bir ölkənin əlavə qaçqın qəbul etməsi uydurmadan başqa bir şey deyil. Düzdür, Ermənistan hakimiyyəti suriyalı ermənilərin bir qrupunu aldadaraq ölkəyə gətirib, ancaq mövcud durumu görən erməni ailələr qısa müddət ərzində Ermənistanı tərk ediblər. 

Məsələni "Şərq”ə şərh edən millət vəkili Asim Mollazadə deyib ki, düşmən ölkəyə yardım edən qruplar ABŞ-da təşkilatlanmış erməni lobbisidir: 

"Amerikada məskunlaşmış çox zəngin erməni təşkilatlar var. Erməni Diasporası, Erməni Milli Komitəsi və digər lobbi təşkilatlar Ermənistana maliyyə yardımının edilməsi üçün əllərindən gələni edirlər. Məhz bunun nəticəsində ABŞ-dan düşmən ölkəyə külli miqdarda vəsait ayrılır. Hamımız bilirik ki, Ermənistan alınan vəsaitləri heç vaxt məqsədə uyğun istifadə etməyib. Suriyalı qaçqınlar vəsaitin alınması üçün sadəcə bir bəhanədir. Ermənilər istənilən məsələdən öz maraqları naminə sui-istifadə etməyi bacarırlar. Reallıq isə odur ki, Ermənistanda yerli əhali ölkəni tərk etməkdədir. Zorla Qarabağa yerləşdirilən üç-beş suriyalı erməni ailəsi də qaçıb canlarını qurtarıblar”.

İsmayıl