Sürücülər bir az səbirli olmalıdır

Mütəxəssislər yollarda xətlərin gündüz saatlarda çəkilməsini daha məqsədəuyğun hesab edirlər
“Xəttin çəkilişində istifadə olunan məhlulun müəyyən quruma müddəti olduğu üçün bəzi vaxtlar gecə rənglənməsi effektiv olmur”



"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

"Azəravtoyol”dan verilən məlumata görə, oktyabrın 20-21-də saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq: "Rənglənmə işlərinin aparılması ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılmır. Adıçəkilən ərazidə sürücülərdən sözügedən ərazidə diqqətli olmaları və yol nişanlarına uyğun hərəkət etmələri xahiş olunur”.


Amma Bibiheybət yolunun (Bibiheybət məscidindən Lökbatan dairəsinə qədər olan hissə) yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi məqsədilə üfüqi nişanlanma xətlərinin çəkilişi ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Rənglənmə işlərinin saat 18:00-a qədər yekunlaşdırılması nəzərdə tutulur.

Sürücülər isə nişanlanma xətlərinin pik saatlarda çəkilməsinə etiraz edir. Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovla əlaqə saxlayıb, narazılıqların nə dərəcədə əsaslı olduğunu öyrəndik.
Ekspertin sözlərinə görə, yay və qış mövsümlərindən asılı olaraq nişanlanma xəttini gecə-gündüz nizamlamaq olur: 

"Xəttin çəkilişində istifadə olunan məhlulun müəyyən quruma müddəti olduğu üçün bəzi vaxtlar gecə rənglənməsi effektiv olmur. Həmçinin də uzun magistrallarda işıqlandırma prosesi ilə əlaqədar nişanlanma xətlərinin gecə çəkilməsi çətin olur. Çünki rənglənmə işə yol layihələndirilməsinə uyğun aparıldığı üçün əyrilik nəzərə alınmalıdır. 

Bu nöqteyi-nəzərdən, magistral yollarda üfüqi nişanlanma xətlərinin gündüz çəkilişi mütəxəssislər tərəfindən daha məqsədəuyğun hesab olunur.
Amma elə yol sahələri var ki, gündüz vaxtları intensivlik həddindən artıq çox olduğu üçün avtomobillərin axınını bir istiqamətə yönəltmək də mümkün olmur və nişanlanma xətlərini gecə çəkirlər”.

Ekspertin sözlərinə görə, magistralda üfüqi nişanlanma xətlərinin çəkilişi istər gecə, istərsə də gündüz olsun, mütləq şəkildə standartlara uyğun və təhlükəsizliyi təmin etmək şərti ilə yerinə yetirilməlidir. 

Yol nişanlarına diqqət etməli, xüsusi geyimlərdə olan mütəxəssislər sürücüləri düzgün hərəkəti istiqamətləndirməlidirlər:

"Düzdür, gündüz saatlarında yollarda təmir-bərpa işlərinin aparılması sürücülər üçün bir qədər çətinlik yaradır, amma nəzərə almalıyıq ki, bütün bu işlər məhz yollarda hərəkətin nizamlanmasına hesablanıb. Ona görə də, təmir zamanı sürücülərin bir az daha səbrli olması daha yaxşı olar”.

Şəymən