TƏHLÜKƏ:"Ermənilər kür çayına zəhərli radioaktiv tullantılar və minalar axıdır"

"Ermənilərin Kür çayını zəhərləməsinin qarşısını ancaq torpaqlarımızı işğaldan azad etməklə ala bilərik”.
Bunu Sherg.az-a ermənilərin Kür çayına zərərli maddələr axıtmasına münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib. 
O bildirib ki, erməniləri torpaqlarımızdan qovmalıyıq:
"Nə qədər ki, ərazilərimiz işğal altındadır, bu problemin qarşısı alınmayacaq. Beynəlxalq təşkilatlara 25 ildən çoxdur etirazlar, bəyanatlar göndəririk, ekoloji fəlakət haqqında petisiyalar imzalayırıq. Azərbaycan beynəlxalq konfranslarda ən yüksək səviyyədə məsələ qaldırır. Yenə də şikayətlərimizə baxılmır, hər hansı tədbir görülmür.
Kür çayı Ermənistan ərazisindən keçmir, lakin Araz, Tərtər, Arpaçay, Xaçın, Qarqar və Təkəli çayları vasitəsilə ermənilər təkcə məişət tullantılarını, çirkab sularını deyil, eyni zamanda atom elektrik stansiyası işləyən vaxtı zəhərli radioaktiv tullantılarını axıdır. Bu tullantılar uzun müddətlidir, 1-2 ilə təsirini itirmir. Onları da həmin çaylar vasitəsilə axıdıb, Azərbaycanı fəlakət qarşısında qoymağa çalışırlar”.
Ermənilərin bütün bunlarla kifayətlənmədiyini deyən millət vəkilinin sözlərinə görə, yaz aylarında, sel suları çoxalan dövrdə onlar yüngül minaları həm döyüş suları vəziyyətində, həm də müxtəlif əşyaların, uşaq oyuncaqlarının içərisinə qoymaqla çaylara axıdırlar:
"Azərbaycan tərəfi bunun qarşısını almaq üçün çox tədbirlər görüb, çaylardan partlayıcı maddələr, minalar yığıb.
Düşmən bizə ziyan vurmaq üçün bütün vasitələrdən istifadə edir. Bunun müqabilində gücümüz çatan odur ki, cavabdeh beynəlxalq qurumlara, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, başqa qurumlara, ekologiya təşkilatlarına müraciətlər edək. Lakin sanki cinayətkar, terrorçu dövlət beynəlxalq güclərin övladlarıdır. Heç kim onların xətrinə dəymir. Onların xətrinə dəyəcək, qarşısını ala biləcək, sanksiya tətbiq edəcək yeganə qüvvə var. O da Azərbaycan ordusu və Azərbaycan əsgəridir. Biz son anda sözümüzü deyəcəyik və bütün problemlərdən canımız qurtaracaq”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Aysel Aslan