TƏKLİF: "Müəllimlər kommunal, nəqliyyat xərclərindən azad edilsin və onlara tibbi sığorta... !

Azərbaycanda müəllimlərin maaşı iki dəfə artırılıb. Bu sözləri Təhsil naziri Ceyhun Bayramov ötənlərdə keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib. Nazir bildirib ki, son 5 ildə 18 136 müəllim işə qəbul olunub. 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, maaşı isə 2 dəfə artırılıb.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Sherg.az”a bildirib ki, son illər cənab prezidentin təşəbbüsü ilə Azərbaycanda müəllimlərin vəziyyəti xeyli yaxşılaşıb:
"Hazırda 4 min 5 yüzdən çox orta təhsil müəssisəsində 250 minə yaxın müəllim çalışır. Bilirsiz ki, müəllimlərin əmək haqqı digər peşələrdən işləyən işçilərin aldığı maaşdan azdır. Onların aldığı nəvacib aylıq ehtiyac meyarından aşağıdır. Buna görə də, 2016-cı ilin yanvar ayının birində Prezident sərəncamına əsasən orta məktəblərdə işləyən müəllimlərin dərs yükü 1.5 dəfə, əmək haqları isə 2 dəfə artırılıb. Lakin bu tendensiyada dövlət tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edən tədris işçilərinə aid olunub. 
Diaqnostik qiymətləndirmədə iştirak edib, kifayət qədər bal toplayan müəllimlərin orta aylıq əmək haqları 350 manatdan 500 manata qədər artırılıb. Lakin digər sahələrlə müqayisə etdikdə bu məbləğ də aşağıdır. Nəzərə almalıyıq ki, müəllimlər digər peşələrdə çalışmır, onların gəlirləri yalnız bu sahədəndir. Deməli, müəllimlərin aldıqları maaş normal dolanışıq üçün yetərli deyil. Ona görə, öncə düşünürəm ki, müəllimlərin əmək haqları artırılmalıdır.
 Əgər bu tendensiyanı kütləvi şəkildə apara bilmiriksə, onların kommunal və digər xərclərdən azad etməliyik. Orta təhsil müəssisələrində çalışan müəllimlərin kommunal, nəqliyyat, xərcləri dövlət büdcəsi hesabına ödənməlidir. Onlara tibbi sığorta verilməlidir ki, qarşıya çıxan problemlər aradan qalxsın. Hesab edirəm ki, təhsil işçilərinin maddi rifahının yaxşılaşdırılması fonunda bu kimi addımlar atılsa, onun verəcəyi töhfələr də çox olacaq. 
Müəllimlərin əmək haqlarının artırılması mümkün deyilsə, təhsil işçilərinin kommunal və digər xərclərdən azad edilməsinə böyük ehtiyac var. Belə olarsa,müəllimlərin aldıqları əmək haqqı özlərinə qalar. Nəticə etibari ilə bu kimi addımlar təhsilin inkişafına ciddi təkan verər”.
Kənan Eynuroğlu