"Turistlərə qarşı mənfi hadisələr kütləvi hal deyil, az hallarda baş verir”.
Bunu Sherg.az-a turistlərə qarşı kriminal halların törədilməsindən danışarkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri, tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı deyib. O bildirib ki, belə hallar dünyanın bütün ölkələrində baş verir:
"Lakin yenə də çalışmalıyıq ki, bu cür mənfi hadisələr baş verməsin. Turistlər hərəsi bir ölkədən gəlir və onlara qarşı edilən əməllər Azərbaycanın imicinə mənfi təsir göstərə bilər. İlk növbədə gələn turistlər maarifləndirilməlidir. Əgər turist xüsusi şirkət vasitəsilə, qrup şəklində ölkəyə gəlibsə, çimərliklərə tək getməməlidir. Onları şirkətlərdən müşahidə edən şəxslər yanında olmalıdır.
Turistlər ölkəyə tək gəlibsə, çimərliyə gedəndə mütləq diqqətli olmalıdır. Əşyalarını, paltarlarını sahibsiz qoyub, gedib çimməməlidir. Tanımadığı şəxslərlə ehtiyatlı olmalıdır.
Ümumiyyətlə, turistlərə qarşı dələduzluqlar Amerikada da, Qərbi Avropa ölkələrində də var. Ona görə belə halları çox şişirtməyə də ehtiyac yoxdur. Amma turistləri ölkəyə gətirən şirkətlər onları bu barədə xəbərdar etməli və maarifləndirməlidir”.
M. Zülfüqarlı deyib ki, Azərbaycanda işsizlər və maddi cəhətdən aşağı səviyyəli olan ailələr var ki, onlar cinayət törətməyə meyllidirlər:
"Bizim özümüz də vətəndaş kimi sayıq olmasaq, bizi də aldada bilərlər. Ona görə, gələn turistlər Azərbaycan reallıqları barədə məlumatlandırılmalıdırlar ki, sayıq olsunlar”.
Qeyd edək ki, ötən gün Bakıda iki əcnəbi turistə qarşı da dələduzluq edilib. Belə ki, Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanındakı çimərlikdə Əfqanıstandan olan turist, 1972-ci il təvəllüdlü Məhəmmədi Məhəmmədəşrəf Məhəmmədəkrəm oğlunun iki telefonu və paltarları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Digər turisti aldadan isə onun özünün tanışı olub. İran İslam Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Malibadi Murtuza Əliməhəmməd oğlu polisə müraciət edərək bildirib ki, tanışı onu otelə yerləşdirmək adı ilə 4 min dollar alıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Aysel Aslan