“Türkiyədə kamikadzelərə qoşulan azərbaycanlı dərhal islah olmalıdır”

İlqar Altay: “Boşuna demirlər ki, terrorçunun vətəni olmur”


İstanbulda kamikadze olduğu ehtimal edilən iki nəfər saxlanılıb. Saxlanılanlar Türkiyə ərazisindən Suriyaya keçməyi planlaşdırıblar. Məhkəmə artıq onlar barədə həbs-qətimkan tədbiri seçib.

Terrorçu-kamikadze olduğu ehtimal edilən şəxslərlə birlikdə onlara yardım etdikləri güman edilən beş şəxs də saxlanılıb. İkisi azərbaycanlı olan bu şəxslərin isə ölkədən deportasiya ediləcəyi gözlənilir. Saxlanılanların kimliyi açıqlanmır. Onların İŞİD terror qruplaşmasının üzvü olduğu güman edilir.

Hadisəni şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay isə "Şərq”ə açıqlamasında deyib ki, normal şərtlər altında hansısa bir azərbaycanlının Türkiyədə terror fikrinə düşməsi, kamikadzelik etməsi absurd bir məsələdir: "Amma dini qruplaşmalara, radikal islamçılara qoşulub, onların təbliğatına uyan azərbaycanlılardan hər şey gözləmək olar. Hətta onlar Azərbaycanın özü üçün də potensial təhlükədirlər. Beyinləri yuyulandan sonra onlar Bakıda da istənilən terror əməliyyatı həyata keçirə bilərlər. Əslində, terrorçuların, kamikadzelərin adı ilə vətəndaşı olduqları ölkələrin adını hallandırmağa heç ehtiyac da yoxdur. Faktiki olaraq, radikal qruplaşmalara qoşulan insanlarda nə millətçilik, nə də dövlətçilik hissləri olur. Boşuna demirlər ki, terrorçunun vətəni olmur. Bir insan ki, bu və ya digər formada özünə və ya ölkəsinə heç bir aidiyyəti olmayan savaşa qatılır, kor-koranə beyninə yeridilən dəyərlər uğruna mücadilə aparır, onun hansı ölkənin vətəndaşı olmasının nə əhəmiyyəti var ki? Onların insanlıqları belə sual altındaykən azərbaycanlı və ya özbək olması niyə qabardılsın ki?”

İŞİD-ə qoşulan azərbaycanlıların Azərbaycan üçün də potensial təhlükə mənbəyi olduğunu vurğulayan ekspert deyib ki, terrorçu-kamikadze olduğu ehtimal edilən şəxslərlə birlikdə onlara yardım etdikləri güman edilən azərbaycanlılar Türkiyədən deportasiya ediləcəyi halda Azərbaycan onları dərhal nəzarət altına almalıdır: "Hətta onların həbsə alınaraq islah olunmaları daha məqsədəuyğun olar. Azərbaycan qanunvericiliyinə görə, qanunsuz silahlı qruplaşmalara qoşulmaq ağır cinayət hesab olunur”.

Şəymən