Üç namizəd favorit sayılır

Gürcüstanda prezident seçkilərində sürpriz gözlənilir
Saakaşvili həbs olunmaq təhlükəsini gözə alaraq Gürcüstana geri dönərsə, hakim qüvvənin planları alt-üst olacaq



Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 25 nəfərin prezidentliyə namizədliyi rəsmi qeydiyyata alınıb. Namizədlərdən 19-u siyasi partiyalar, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Hazırda namizədlər sırasında nisbətən favorit sayılan 2-3 nəfər var. Onlardan biri hakimiyyətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvilidir. Digəri eks-prezident Mixail Saakaşvilinin partiyasını təmsil edən Qriqol Vaşadze, üçüncüsü isə David Bakradzedir. Əsas mübarizənin bu namizədlər arasında keçəcəyi proqnozlaşdırılır. Hər nə qədər müəyyən qüvvələr prezidentlik postunun ciddi vəzifə olmadığını təbliğ etməyə çalışsalar da, siyasi partiyalar seçkiyə bütün komandaları ilə hazırlıq görürlər. Hətta təbliğat kampaniyasının son dönəmlərində hakim "Gürcü arzusu” partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili azərbaycanlılara müraciət edib. 

O, müraciətində söyləyib ki, əgər prezident seçilərsə, azərbaycanlıların hüquqlarının, dilinin və mədəniyyətinin müdafiəçisi olacaq: "Dilin müdafiəsi nə deməkdir?! Bu o deməkdir ki, hamının hüququ olmalıdır ki, ənənələrin, dinin, inamın, təcrübənin hər cür hüququ olsun. Bu hüquqlar prezident tərəfindən müdafiə olunmalı hüquqlara daxildir. Mən bütün bu hüquqlara təkan verən prezident olmaq istəyirəm”. Zurabişvili Azərbaycanla qonşuluq əlaqələrindən də söz açıb: "Ölkəmizin sabitliyini qoruyub saxlamaq çox vacibdir. Sabitlik üçün qonşumuz Azərbaycanla dostluq əlaqələrini davam etdirmək önəmlidir”. Gürcüstan Azərbaycanın yaxın qonşuluğunda yerləşən və sıx əlaqələri olan ölkə olduğu üçün burada hakimiyyətə hansı qüvvənin gəlməsi, ölkəyə rəhbərliyi kimin etməsi bizim üçün də maraqlıdır. Bəs 28 oktyabr seçkilərində Gürcüstanda hansı namizədin qalib gəlməsi Azərbaycana sərfəlidir?

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli hesab edir ki, prezidentlik postunun lazımsız olduğu ilə bağlı Gürcüstanda yayılan xəbərlər ölkə ictimaiyyətini aldatmağa hesablanıb. Prezident ölkənin başçısıdır, dövləti təmsil edən şəxsdir, simvoldur. Baş naziri çıxarır və təyin edir, parlamenti istədiyi vaxt buraxa bilir. 

Eyni zamanda əfv elan etmək səlahiyyətinə malikdir. O ki qaldı namizədlərə, məncə, onların içərisində əhali arasında ən populyar olan şəxs keçmiş xarici işlər naziri, Mixail Saakaşvilinin partiyasını təmsil edən Qriqol Vaşadzedir. Vaşadze azərbaycanlılar arasında kifayət qədər populyardır. Böyük ehtimal, azərbaycanlıların əksəriyyəti ona səs verəcək. Salome Zurabişvili isə hakim "Gürcü Arzusu”nun dəstəklədiyi siyasətçidir. İqtidar partiyası hiyləgər bir metod işlədərək bitərəf şəxsin namizədliyini dəstəklədi. Həmçinin, seçki prosesinə o qədər də müdaxilə etmədiyi görüntüsünü yaratdı. Amma bilinən odur ki, "boz kardinal” Bidzina İvanaşvili namizəd Zurabişvilinin qalib gəlməsi üçün əlaltından çalışır. Hökumətin bütün ictimai resursları Zurabişvilinin sərəncamına verilib. Televiziyalar ən çox onun təbliğatını aparır. Rayonlarda qubernatorlar ona işləyir”. 

Ekspertin fikrincə, seçkidə əsas rəqabət Zurabişvili ilə Vaşadze arasında gedəcək:

 "Vəziyyətin dəyişməsi üçün Saakaşvilinin mütləq ölkəyə qayıtması tələb olunur. Əgər Saakaşvili həbs olunmaq təhlükəsini gözə alaraq Gürcüstana geri dönərsə, hakim qüvvənin planları alt-üst olacaq. Seçkiləri saxtalaşdırmaq mümkün olmadığına görə, proses ikinci tura qalacaq. Yox əgər Saakaşvili qayıda bilməsə, Vaşadzenin nə qədər səs yığmasından asılı olmayaraq, Rusiyanın fəal yardımı sayəsində Zurabişvilini qalib edəcəklər. Zənnimcə, ermənipərəst siyasətçi olan Zurabişvilinin iş başına gəlməsi Azərbaycan və oradakı soydaşlarımız üçün yaxşı heç nə vəd etmir. Bizim üçün arzuolunan şəxs Qriqol Vaşadzedir”.

İsmayıl