Ukrayna nüfuzdan düşür

Xarici qüvvələr çalışır ki, bu ölkədə hərcmərclik dərinləşsin
Ölkədə insanların durumu elədir ki, onları mitinqə çəkmək çətin deyil. Artıq əksər gənclər işsiz vəziyyətdədir


Ötən gün bir qrup müxalifətçi Ukraynada etiraz aksiyası keçirib. Aksiyada Odessa vilayətinin sabiq qubernatoru, Yeni Qüvvələr Hərəkatının lideri Mixail Saakaşvili də iştirak edib. Aksiyada deputat toxunulmazlığının ləğvi, seçki qanunvericiliyinə dəyişiklik, antikorrupsiya məhkəməsinin yaradılması tələbləri qoyulub.
Mitinqçilər qarşısında çıxış edən Saakaşvili deyib ki, hökumət xalqın tələblərini qəbul etməsə, növbəti addımlar haqda düşünmək lazım gələcək. Saakaşvili aksiyaçıları prezident Pyotr Poroşenkonun istefasını tələb etməyə çağırıb: "Nə qədər ki Poroşenko Ukrayna Prezidenti postunu tutur, ölkədə inkişaf, korrupsiya ilə mübarizə olmayacaq, yoxsulluq, təhqir olacaq, ukraynalılar, əsasən də gənclər ölkədən köçəcək. Poroşenko durduqca Ukrayna nüfuzdan düşəcək, müharibəyə ayrılan pulların alveri gedəcək, yeni ölümlər, yeni bədbəxtliklər baş verəcək”. 

Ukraynadakı proseslərlə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, bu ölkədə hakimiyyət boşluğu var. Onun sözlərinə görə, Ukraynada "narıncı inqilabın” davamı gedir: 

"Ukrayna sanki eksperiment meydanına çevrilib. Xaricdə oturan texnoloqlar prosesləri bu ölkədə sınaqdan keçirirlər. Ukraynada rəsmi dairələrdə və siyasi partiyaların tərkibində xaricdən gəlmiş xeyli qruplar var ki, onların da özlərinə məxsus qərargahları fəaliyyət göstərir. Prosesləri də oradan idarə edirlər. Çalışırlar ki, ölkədə hərcmərclik daha da dərinləşsin, ölkənin sabit həyat axarı pozulsun. Bundan istifadə edən dairələr də demokratiya adı altında öz istəklərini həyata keçirsinlər. Ancaq bütün olanlardan ən çox əziyyət çəkən Ukrayna xalqıdır. Ölkənin siyasi sabitliyi pozulduqca iqtisadi durum bərbad hala düşür, özbaşınalıq artır. Hazırda parlament normal şəkildə işləmir, hər gün dava düşür, deputatlar bir-biri ilə əlbəyaxa olurlar. Elə ona görə də ilk aksiya Ali Radanın qarşısında keçirildi. Ölkədə insanların durumu elədir ki, onları mitinqə çəkmək çətin deyil. Artıq əksər gənclər işsiz vəziyyətdədir”. 

Ekspertin sözlərinə görə, Ukraynanın belə vəziyyətlə üzləşməsi çox təhlükəlidir: 

"Ölkədə separatçılıq meyilləri yüksəkdir. Saakaşivilinin anti-korrupsiya və digər məsələlərlə bağlı təklifləri normal olsa da, hərcmərclik dövründə onları reallaşdırmaq mümkün deyil. Ölkənin normal inkişafı üçün stabillik əsas şərtdir. Belə bir şəraitdə heç bir islahatdan söhbət gedə bilməz”.

İsmayıl