“Universitetlərdəki hazırlıq kursları bu gənclər üçün şans ola bilər”




"Universitetlərin tərkibində hazırlıq kurslarının yaradılması təcrübəsi Sovet dövründə olub”.

Bunu "Sherg.az”a filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov deyib. 

O bildirib ki, Sovet dövründə mövcud olan "rabfak”larda əsgərlikdən qayıtmış, universitetə qəbul olmamış gənclər üçün hazırlıq keçilirdi:

"Hazırda yaradılan kursların əhəmiyyəti də böyük ola bilər. Oxumağa həvəsi olan, ancaq orta məktəbdən xeyli müddət əvvəl ayrılmış, gənclər üçün yaxşı fürsətdir. Başqa harada bu gənclər öyrənə bilərlər?

Buna rəğmən, hazırlıq kurslarına qəbul qaydaları sadələşdirilsə, testlərin məzmun və elmi yükü sadə olsa, daha yaxşı olar. Bu hazırlaşmaq istəyən, oxumaq həvəsi olan gənclər üçün şans ola bilər”.

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişiklik edib. Dəyişikliyə əsasən bundan sonra müsabiqənin nəticələri elan olunduqdan sonra Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan ediləcək, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçiriləcək və həmin yerlərə Mərkəz tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılacaq.

Hazırlıq qruplarında tədrisin sonunda Mərkəz tərəfindən qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçiriləcək və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.

Aysel Aslan