Məktəbdə şagirdin mobil telefona ehtiyacı yoxdur
Əgər valideyn övladından narahatdırsa, məktəbdə əlavə telefon olmalıdır və həmin telefon vasitəsilə əlaqə yarada bilərlər
Millət vəkili Fazil Mustafa orta məktəblərdə şagirdlərə telefondan istifadənin qadağan edilməsi ilə bağlı təklif səsləndirib. O, məktəb ətraflarından qəlyanxanaların yığışdırılması ideyasını da irəli sürüb.
Deputatın sözlərinə görə, Təhsil Nazirliyi dərhal müvafiq addım atmalı, fövqəladə zərurət olmadıqca məktəb ərazisində mobil telefondan istifadəni şagirdlərə qadağan etməlidir: "Fransada məktəblərdə mobil telefondan istifadəyə qadağa qoyulması təcrübəsi heç tərəddüd etmədən bizdə də tətbiq olunmalıdır.
Fikrimcə, Təhsil Nazirliyi dərhal müvafiq addım atmalı, fövqəladə zərurət olmadıqca məktəb ərazisində mobil telefondan istifadəni şagirdlərə qadağan etməlidir. Digər bir zəruri addım isə məktəblərin yaxınlığından qəlyanxanaların dərhal yığışdırılmasıdır. Bu məsələdə ictimaiyyətin, özəlliklə də valideynlərin dəstəyi vacibdir. Nəhayət ki, Fransada olduğu kimi, məktəblərdə mobil telefon əyləncəsindən kitaba dönüş hərəkatına başlamaq lazımdır. Rusiyanın Təhsil Nazirliyi də bu cür qərar verilməsi barədə təşəbbüsü dəstəklədiyini bildirib. Yəni mənfi tendensiyaya qarşı bizim də vaxtında reaksiya verməmiz məqsədəuyğun olardı”.
Bir çoxları şagirdlərin dərs zamanı mobil telefondan istifadəsinin lazımlı olduğunu düşünsə də, əksəriyyət bunun düzgün olmadığını qeyd edir. Səbəb dərs zamanı şagirdlərin diqqətinin yayınması və tədris prosesinin zəfiləməsi ilə bağlı halların baş verməsidir. Bəziləri isə valideynlərin məktəbə yollanan övladları barədə məlumatlı ola bilməsi üçün, telefonlardan istifadəni lazım bilir.
Deputatın təklifi ilə razılaşdığını deyən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, orta məktəblərdə telefonların yığışdırılması məsələsi hələ 6-7 il bundan qabaq müzakirə olunurdu:
"Vaxt var idi, uşaqlar evlərindən çox uzaq məsafədə yerləşən məktəbdə təhsil alırdılar və valideynləri onlarla heç bir əlaqə yaratmırdı. Bu gün isə valideynlər və uşaqlar o qədər həssas və dəymədüşər olublar ki, hər dəqiqə əlaqə saxlamaq istəyirlər. Düşünürəm ki, şagirdin mobil telefona ehtiyacı yoxdur. Əgər valideyn övladından narahatdırsa, məktəbdə əlavə telefon olmalıdır və həmin telefon vasitəsilə əlaqə yarada bilərlər”.
Yeganə Bayramova