Azyaşlı uşaqların dini məclislərdə iştirakına qadağa qoyulacaq
Seyid Camal Əzimbəyli: “Bu narahatçılıq o zaman ola bilər ki, həmin dini mərasimlərdə Azərbaycanın milli mənafeyinə yad düşüncə və təsirlər göstərilsin”
"Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” yeni qanun layihəsi işlənib. Məlumata görə, yeni layihədə azyaşlı uşaqların dini məclislərdə iştirakına qadağa qoyulması nəzərdə tutulur.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası Taliyə İbrahimova bildirib ki, oktyabrın 1-də respublikanın bir çox rayonlarında, eləcə də Bakı şəhərində və paytaxtın ətraf kəndlərində Aşura Günü ilə bağlı kütləvi mərasimlər təşkil edilib. Fotoqraflar valideynləri tərəfindən matəm tədbirlərinə gətirilmiş onlarla uşağın şəklini çəkiblər. Bununla əlaqədar olaraq deputatlar və ictimaiyyət nümayəndələri öz narazılıqlarını ifadə ediblər.
Bundan dərhal sonra qanunvericilər uşaqlarını düzgün tərbiyə etməyən və onları yad təsirlərə məruz qoyan məsuliyyətsiz valideynləri cəzalandırmaq qərarına gəliblər.
Aşura müsəlmanların təqviminə görə Məhərrəm ayının onuncu günüdür. Həmin gün şiələr qətlə yetirilmiş İmam Hüseynə təziyə təşkil edir, ənənəvi toplu ritualda Şaxsey-Vaxsey ("Şah Hüseyn, vah Hüseyn”in qısaldılmış variantı) deyərək özünə işgəncə verir ki, bu da Azərbaycanda qətiyyən müsbət qarşılanmır”.
T.İbrahimovanın sözlərinə görə, qanun layihəsi AR Prezidentinin Administrasiyasına təqdim edilib və Milli Məclisin payız sessiyasında ona baxılacaq. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli 2074 nömrəli Sərəncamına əsasən hazırlanıb və Uşaq Hüquqları Konvensiyasının 17-ci maddəsinin əsas konsepsiyasını əks etdirir: "Yeniliklər ondan ibarətdir ki, dövriyyəyə buraxılan informasiya hər bir uşağın yaş həddinə uyğun olaraq təsnifləşdiriləcək. Eyni zamanda kontenti yayan şəxslər bu və ya digər informasiyanı yayarkən auditoriyanın yaşını göstərməklə bağlı qanunun tələblərini nəzərə almalıdırlar. Sənəd, həmçinin telekanallarda yayımlanan, çap məhsullarında və KİV-də dərc edilən bütün informasiyaların ekspertlər vasitəsilə analizini aparan xüsusi qurumun yaradılmasını da nəzərdə tutur”.
Yeni layihə ilə bağlı "Şərq”ə danışan Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli körpələrin dini mərasimlərdə iştirakından heç bir narahatlıq duymadığını bildirib.
Onun sözlərinə görə, bu narahatçılıq o zaman ola bilər ki, həmin dini mərasimlərdə Azərbaycanın milli mənafeyinə yad düşüncə və təsirlər göstərilsin:
"Bu gün yad təsirlərin birmənalı olaraq ölkəmizdəki tolerantlıqdan sui-istifadə cəhdləri var. Həmin bu yad təsirlər Azərbaycana, gənclərə dəstək, təhsil adı altında yerləşiblər. Amma bir yerdə ki, dini dəyərlərin həqiqətləri aşılanır və Azərbaycan körpələrinə vətən sevgisi aşılanır, orda birmənalı olaraq qadağalara əsas görmürəm. Radikal və təşvici düşüncələrin xüsusi olaraq Azərbaycanın milli şüuruna, məfkurəsinə qəsd edəcək çağırışların olacağı toplantılarının ölkədə keçirilməsi qadağan olduğu halda, adları dəyişdirilən uşaq bağçaları var. Məncə, ilk olaraq dövlət bunun üzərinə getməlidir, lakin biz dövlətin atdığı bütün addımları dəstəkləyirik və onun ideoloji baxımından təbliğatçılarıyıq”.
Yeganə Bayramova