“Vətəndaşların sağlamlığı hər zaman dövlətin diqqətindədir”






Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda ölkəmizin sosial-iqtisadi inkişafının yekunlarına dair bir çox məsələlər müzakirə olunub.

Prezident qeyd edib ki, qarşıya qoyulan əsas hədəflərdən biri vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsidir. Ölkə başçısı bildirib ki, Azərbaycan əhalisinin bütün təbəqələri tibbi xidmətdən yararlana biləcəklər:

"Səhiyyə xidmətlərinin icbari tibbi sığorta ilə inkişaf etdirilməsi dünyada sınaqdan keçirilən uğurlu bir nümunə kimi təbliğ olunmalıdır”.

İnkişaf etmiş bütün ölkələrdə tibbi sığortanın tətbiq olunduğunu deyən həkim Şəmsiyyə Namazlı "Sherg.az”a açıqlamasında qeyd edib ki, icbari tibbi sığortanın iş qüvvəsi olmayan insanlar üçün dövlət tərəfindən maliyyələşdirilməsi çox önəmli bir faktordur:

"Azərbaycan vətəndaşının sağlamlığı hər zaman dövlətimizin diqqətindədir. Onların müalicəsi və müayinələri, kəskin bir xəstəliyi olarsa, əməliyyat edilməsi sığorta tərəfindən qarşılanmalıdır. Çünki əlillər, pensiyaçılar və azgəlirli şəxslər də bu ölkənin bir vətəndaşıdırlar. 

Bu vətəndaşların da konstitusiyamızda təsdiq edildiyi kimi müalicə almaq və sağlamlığının qayğısına qalmaq hüququ var. Biz demokratik və dünyəvi bir ölkə olduğumuz üçün belə prosedurlar bizim vətəndaşlarımıza şamil olunacaq. 

Prezidentimizin yürütdüyü siyasətin əsas istiqamətlərindən biri vətəndaşların sağlamlığının qorunmasıdır. Aparılan islahatlar, həyata keçirilən tədbirlər də bunu bir daha göstərir”.

Yeganə Bayramova