"Xəzərin balıq resursu tükənir" - AÇIQLAMA

Eyyub Hüseynov: "24 yaşında rayonlardan birində işləyirdim. Bir mexanizator böyük balıq hövzəsinə "tok" atdı və 3 gün həmin hövzədə suyun üzü balıqla dolu oldu"
"Balıq bazarları bir çox ölkələrdə var, lakin Azərbaycanda yoxdur”.
Bunu Sherg.az-a Azərbaycanda balıq bazarları yaradılmasının mümkünlüyünü izah edərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, bu bazarlar əsasən həftə sonu səhər saatlarından günortaya qədər fəaliyyət göstərir:
"Balıq bazarlarına daha çox dənizkənarı və okean sahillərində yerləşən ölkələrdə rast gəlinir. Azərbaycanda bu bazarların olmamasının səbəblərini araşdırsaq görərik ki, bu sahədə ən başlıca problemdən biri Xəzərin balıq resursunun tükənməsidir. 
Balıq bazarları dağınıq şəkildə fəaliyyət göstərir. Təzə bazarda və Bakı-Quba yolunda köhnə balıqlar satılır. Lakin ixtisaslaşmış, normal şəkildə balıqların saxlanılıb, satıldığının şahidi olmamışıq. Yaxşı olar ki, belə balıq bazarı təşkil olunsun. Bunun üçün balıqtutma sənayesi liberallaşdırılmalı, biznes qurumları bura cəlb olunmalıdır. Həm balıq resurslarının artırılmasında, həm də Xəzər dənizindən balıqların tutulub satılmasında maraqlı olmalıdırlar. Lakin biz balığa həsrət qalmalı xalqıq. Bir hadisə danışım: 24 yaşında rayonlardan birində işləyirdim. Bir mexanizator böyük balıq hövzəsinə "tok" atdı və 3 gün həmin hövzədə suyun üzü balıqla dolu oldu. Sahə müvəkkili həmin əraziyə baxış keçirtdikdə onunla mübahisə etdim və az qala məni Kommunist partiyasının üzvlüyündən çıxarırdılar.
Təəssüf ki, indi də bütün balıqları belə yollarla qırırlar. Azərbaycanda çox sayda balıq növləri var, lakin əhali bunun qədrini bilmir və yaranmış vəziyyəti düzəltmək üçün iş aparılmalıdır.
Ölkə prezidentinin insanlara xeyirli olacaq, çoxlu xoşməramlı fikirləri var. Lakin bunları reallaşdırmaq üçün ölkə başçısının özünün dediyi kimi ictimai nəzarət lazımdır”.
Aysel Aslan