XİN dərhal reaksiya verməlidir

Burdenin proqramı erməni lobbisinin maliyyə dəstəyi ilə hazırlanıb



"CNN”-in efirində yayımlanan məşhur "Parts Unkown” verilişinin aparıcısı Entoni Burden Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Kulinariya sahəsi ilə bağlı veriliş üçün işğal olunmuş torpaqlarımıza gedən Burden verilişinin növbəti buraxılışını Qarabağa həsr edəcəyini deyib. Hətta çəkilişlərin aparıldığı məkanı əks etdirən fotolar anons kimi mediada yayımlanıb. 

Məsələ ilə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələyə reaksiya verməlidir: 

"Səfər qanunsuzdur. Çox güman ki, Burdenin proqramı erməni lobbisinin maliyyə dəstəyi ilə hazırlanıb. ABŞ-a rəsmi şəkildə müraciət edilməli, izahat tələb olunmalıdır. Lazım gələrsə, münasibətlərə yenidən baxılmalıdır. Türkiyəli HDP-li deputatların Qarabağa qanunsuz səfəri Azərbaycanda ciddi reaksiya doğurdu. 

O məsələyə necə sərt reaksiya verdiksə, buna da o cür yanaşmalıyıq. Ən azından ictimai qınaq olmalıdır. Çünki ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan həmsədr ölkədir. Ona görə də bu cür addımların qarşısını almalıdır”. QAT rəhbəri bildirib ki, verilişin mahiyyətindən asılı olmayaraq, Qarabağa istənilən səfər siyasi mahiyyət daşıyır: "Hamısının məqsədi qondarma rejimi dünyaya tanıtmaq, təbliğ etməkdir”.

İsmayıl