“Xocalıda əsən yellər”

Sənədli filmdəki insanların həyat hekayəsi yuxu deyil, acı gerçəkdir





"Xocalıda əsən yellər” adlı sənədli film çəkilib. Xocalı hər birimizin qəlbində sağalmayan bir yaradır. Bu yara heç vaxt qaysaq bağlamır, daima qan sızır.

Xocalıdan sonra bu dərdə dözməyənlər vətən deyə-deyə dünyalarını dəyişdilər. Düz 26 ildir yazını, qışını görmədiyimiz yurdumuzu yalnız yuxularımızda görürük. Dərdlə köklənmiş "Xocalıda əsən yellər” adlı sənədli filmindəki insanların həyat hekayəsi yuxu deyil, acı gerçəkdir.

Qeyd edək ki, film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi Erməni Təcavüzünün Tanıdılması İB-nin layihəsi çərçivəsində çəkilmişdir. Filmdə 1992-ci ildə Xankəndindəki 366-cı rus alayının erməni birləşmələri ilə birlikdə Xocalını yerlə-yeksan etməmələri, insanları qəddarlıqla qətlə yetirmələri, əsir və girovların başlarına açdıqları müsibətlər şahidlərin dili ilə təsvir olunur. 

O gecə balaca bir qızcığaz olan Yasəmən Hüseynovanın ata-anasını itirməsini söylədiyi ürək parçalayan fəryadı, 20 yaşında qardaşı ilə birgə girov düşən Dürdanənin cəhənnəm girdabındakı yaşantıları tükürpədicidir.

Film əslən Xocalıdan olan tədqiqatçı-jurnalist Səriyyə Müslümqızının 2008-ci ildə soyqırım zamanı qətlə yetirilən qadınlardan bəhs edən "Xocalıdan gələn var” kitabının motivləri əsasında hazırlanmışdır. Filmin rejissoru Hürrəm Sultandır. Bu gün torpaqlarımızın öz ölkəmizdəki nəşrlərdə belə ermənilərə aid olması ilə işıq üzü görməsi faktlarının tüğyan etdiyi bir vaxtda ərsəyə gəlməsi çox yetərlidir. 

Unutmayaq ki, ermənilər gecə-gündüz yorulmaq bilmədən Qarabağı bizdən qoparmağa çalışırlar. Qarabağın açarı nə Rusiyanın, nə də qərbin əlindədir. O açar bizim qəlbimizdə, ürəyimizdədir. Qarabağa sevgimizlə o torpağı qaytarmalıyıq.

Yeganə Bayramova