"Yaponiya texnologiya ilə bağlı Azərbaycanda çox işlər görə bilər"- Millət vəkili





"Yaponiya-Azərbaycan əməkdaşlığı iqtisadi inkişaf, investisiya potensialı ilə yanaşı yüksək texnologiyaların ölkəmizə gətirilməsini vəd edir:

Bunu "Sherg.az”a Yaponiya rəsmilərinin Azərbaycana səfəri, ölkəmizlə bu dövlət arasında ikitərəfli əlaqələrin perspektivi haqqında danışarkən millət vəkili Asim Mollazadə söyləyib. 

Onun fikrincə, bu əməkdaşlıq iqtisadiyyatın bir neçə sahəsini əhatə etməlidir:

"Əməkdaşlığımız sadəcə, enerji sektoru, bu sahəyə investisiya yatırılması ilə bağlı məhdudlaşmamalıdır. Eyni zamanda Yaponiya yüksək texnologiyalara malik olan ölkə kimi Azərbaycanda çox işlər görə bilər. Yaponiyanın bu istiqamətdə fəaliyyət göstərən şirkətləri ilə əməkdaşlıq etmək, mümkün vasitələri qiymətləndirmək məqsədəuyğundur. Ümidvaram, Yaponiya rəsmilərinin səfərindən sonra bu istiqamətdə də müvafiq işlər görüləcək”.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və Yaponiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Tara Kono arasında görüş baş tutub. Görüşdən sonra jurnalistlərə açıqlama verən E. Məmmədyarov ikitərəfli əlaqələrin genişləndirilməsinin müzakirə edildiyini söyləyib:
"Azərbaycanla Yaponiya arasında əməkdaşlıq yüksək səviyyədədir. Yaponiya indiyədək Azərbaycana 7 milyard dollara yaxın investisiya qoyub. Onun 100 milyon dollardan çoxu qeyri-neft sektoruna yönəldilib”.

Aysel Aslan