"Zurabişvili Gürcüstan - Azərbaycan münasibətlərini korlayacaqmı ? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Gürcustanda prezident seçkiləri yekunlaşıb. "Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili 59,61 faiz səs toplayaraq marafonun qalibi olub. Konstitusiyaya uyğun olaraq dekabrın 16-da Gürcüstanın yeni prezidenti S.Zurabişvilinin andiçmə mərasimi olacaq. Qeyd edək ki, Gürcüstanın yeni prezidentinin Azərbaycanla bağlı siyasətinə dair müxtəlif şərhvə proqnozlar verilir. Kimi S.Zurabişvilinin ermənipərəst olduğunu dilə gətirərək onun Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutmayacağını, Azərbaycana mənfi münasibət sərgiləyəcəyini bildirir. Kimi isə bunun əksini iddia edir. 
Biz də "Sherg.az"a olaraq məlum iddialarda həqiqət payının olub- olmadığını öyrənmək üçün politoloq Tofiq Abbasovla əlaqə saxladıq.
 
O bildirdi ki, Azərbaycan Gürcüstan münasibətlərində mənfi istiqamətdə hər hansısa bir dəyişiklik gözlənilmir:
"İki dövlət arasında oturuşmuş münasibətlər var. Enerji və nəqliyyat layihələrində Azərbaycan və Gürcüstan eyni platformadan çıxış edir. Ümumiyyətlə, hər zaman Gürcüstanda yeni prezident hakimiyyətə gələndə Azərbaycanla əlaqələrində heç bir mənfi təsir müşahidə olunmayıb. Əksinə iki ölkə arasında daim yeniliklər, möhkəm əlaqələr qurulub. S.Zurabişvili çox yaxşı bir siyasətçidir. O anlayır ki, Azərbaycan və Gürcüstan eyni mövqedən çıxış edirlər. Hər iki ölkə Avropaya inteqrasiya edir. Onlar Avropanın enerji təhlükəsizliyində iştirak edirlər. Bu baxımdan hesab edirəm ki, Gürcüstan Azərbaycan münasibətlərində hər hansısa bir xoşagəlməz durum müşahidə olunmayacaq. Sadəcə, Gürcüstanda yeni hakimiyyət nümayəndəsi qanunvericilikdə müəyyən dəyişikliklər edəcək, yeni təşəbbüslərlə çıxışları olacaq. Amma indiki korrekturanın məğzi ondan ibarətdir ki, oturuşmuş münasibətlər dəyişilməsin. Dəyişildikdə də yaxşıya doğru hərəkət baş versin”.
T.Abbasov onu da bəyan edib ki, Azərbaycan, Gürcüsta və Türkiyə üçlü formatda bir-birilərini çox gözəl anlayırlar:
"Hər üç ölkənin əlaqələri getdikcə möhkəmlənir. Azərbaycan, Gürcüstan və Türkiyə Avropaya enerji nəqlində və bir çox sahələrdə tərəfdaş ölkələrdir. Bu üçlü dünyaya Avropa və Asiyanın birləşdiyi məkanda aparıcı ölkələr olduğunu, regiondakı proseslərin və problemlərin müsbət yöndə həllini təmin etdiklərini göstərməyə çalışır. Bu kimi məqamdan sitat gətirərək hesab edirəm ki, Gürcüstan- Azərbaycan münasibəti korlanmayacaq, əksinə bu ölkələr arasındakı əlaqələr güclənəcək”.
Kənan Eynuroğlu