2000-ci il. Prezident sarayı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkə sənətçilərini təltif edir. Cərgələrdə Azərbaycan incəsənətinin korifey sənətkarları əyləşib. Ümummilli lider Heydər Əliyevin səlis, inandırıcı, çəkici nitqə malik olması məlum həqiqətdir. Eyni zamanda onun Azərbaycan ədəbiyyatının dərin bilicisi olması, sənətə, sənətkara layiq qiymət verməsi də. Prezident bədii qiraət ustası Vera Şiryeni dəvət edir. Xüsusi nəzakət və nəvazişlə; Vera Karlovna, buyurun. Vera Şirye irəli çıxır, Heydər Əliyevin yanında dayanır və Səməd Vurğunun “Ananın öyüdü” şeirini səsləndirir. 85 yaşındadır sənətkar, amma illər onun hafizəsindən heç nəyi qoparmayıb. Şeiri illər əvvəl necə səsləndirirdisə, eləcə də söyləyir. Həmin video son zamanlarda qarşıma çıxıb. Mənə ən çox təsir edən, bilirsiniz nədi? Heydər Əliyevin duruşu, şeirin səslənməsindən üzündə yaranan məmnun ifadə. 2000-ci il... Qarabağ işğal altındadır hələ... Heydər Əliyev gələcəyin möhkəm siyasi-iqtisadi təməllərini atır... Xalqı ruhdan düşməyə qoymur... “Torpaqlarımızı geri alacağıq”, deyir, özünəməxsus qətiyyətlə...
Şeir səslənir... Hər misrasında Vətən sevgisi, Vətənin azadlığına çağırış var... Nə düşünürdü görəsən Prezident?... Nə bilim... Təxmin etmək olar amma; “Biz mütləq Qarabağa qayıdacağıq”... 20 il sonra cənab Prezident İlham Əliyev Şuşanın azad edilməsiylə xalqımızı müjdələyəndə “Xoşbəxtəm ki ata vəsiyyətini yerinə yetirdim”, sözlərini elə-belə deməmişdi. Demək, ata oğluna torpaqları azad etməyi tapşırıbmış.
Vətən torpağını xalqın igid oğulları 44 gündə azad etdi Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə. “44” filmini izləyəndə 2000-ci ildə keçirilmiş həmin görüş, Vera Şiryenin şeir oxuması, Heydər Əliyevin duruşu... gözümün önünə gəldi. Təkrar-təkrar baxdım o videoya və şeirlə “44” filmi arasında paralellər apardım...
*
Geyib əsgər paltarını, silahlandı qəhrəman,
Onun polad sinəsinə sığışmadı ürəyi...
27 sentyabr – düşmənin hücumuna əks-hücumla cavab verilir. 28 sentyabr – Prezident İlham Əliyev ölkədə hərbi vəziyyət elan edir, 28 sentyabrda isə qismən səfərbərlik. Həmin gün minlərlə gənc hərbi çağırış məntəqələri önünə toplaşdı, “məni də cəbhəyə göndərin, döyüşmək istəyirəm”, dedi. Əsgər paltarı geyinmiş minlər - şir ürəkli, polad sinəli, tunc biləkli oğullar igidlik salnaməsini yazmağa başladı...
Dayan! – deyib, yaxın gəldi, öpdü onun alnından
Yay gününün xoş səhəri, bir də dağlar küləyi.
Əsgər artıq yola düşdü, dağ tərpəndi yerindən;
Günəş yaydı şöləsini Vətənin göylərindən.
Döyüşə yollananı bundan gözəl necə tərənnüm etmək olar?!. Ruhu şad olsun dahi Səməd Vurğunun!
*
44 günlük müharibədə, rəsmi məlumatlara əsasən Azərbaycan Silahlı Qüvvələrinin 2914 hərbi qulluqçusu şəhid olub. Düşmənin təxribatları nəticəsində 93 mülki şəxs həlak olub. Ümumiyyətlə, Vətənimizin ərazi bütövlüyünün müdafiəsi zamanı 14 229 şəxs yaralanıb – qazidir. 44 günlük Vətən müharibəsində isə 4 mindən artıq hərbçi yaralanıb. 44 günlük müharibənin qalibi Azərbaycan xalqıdır, istər ön cəbhədə, istər arxa cəbhədə. İstərsə lap evində oturan, pandemiyada küçəyə çıxmayan, amma cəbhədəki əsgərlərin ürəyinin döyüntüsünü hiss edən hər bir nəfər. 44 günlük müharibənin iştirakçısı minlər də yox, milyonlardır!
*
...Ana igid balasına açdı öz qollarını,
Üz-gözündən öpə-öpə bağrına basdı onu,
Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu.
Dedi: “Oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim!..
Bizim analar belədir. Ömür çiçəklərini öz əlləriylə qoparıb Vətənə qurban verirlər. Həmin o minləri, milyonları cəbhəyə, Vətənin müdafiəsinə belə yola salıb analar da, atalar da. Təki Vətən sağ olsun, deyiblər. Arxalarınca göz yaşı tökməyiblər, məğrur dayanıblar. Bunu da övladlarına tövsiyə ediblər:
Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm.
Qulağında yaxşı qalsın, mənim sənə öyüdüm:
Sən düşmənin qabağında igid tərpən vüqarla,
Tüfəngini təmiz saxla, atını da tumarla!
İgid balam! Hərçəndi ki, öz ananam mən sənin,
Çörəyilə böyümüsən bizim ana Vətənin...
Bəli. Vətən hər şeydən öndədir. Atadan da, anadan da. Baladan da. Vətən olmasa, biz kimik?.. Bizi böyüdən Torpaqdı – Ana Torpaq! Onu qorumaq da hamının müqəddəs borcu və vəzifəsidir. Evimizdəki anamız Vətənin təcəssümüdür!
“44” filmində də ana obrazı xoşuma gəlir. Müasirimiz olan ana. Sakit, təmkinli, düşüncəli, amma inamlı. Qələbəyə inamlı ana obrazı. Bu, oğlunu cəbhəyə yola salan və “sinən olan yerdə, kürəyini düşmənə çevirmə” tapşıran Azərbaycan qadınıdır.
*
Ümumən “44” bədii filmi, məncə 2026-cı ilin ən yaddaqalan və mühüm, təkcə mədəni yox, həm də ictimai hadisəsi oldu. Məhz cəmiyyətin ortaq yaddaşına və vətənpərvərlik ruhuna toxunan bir layihə olduğu üçün. Yaradıcı heyətə - bədii rəhbər və senarist Anar Ələkbərov, quruluşçu rejissorlar İsmayıl Səfərəli, Maksim Smetana,prodüserlər Arzu Əliyeva, Orman Əliyev, filmin ərsəyə gəlməsində əməyi keçən, zəhmət çəkən hər bir insana xüsusi təşəkkür düşür. Aktyor seçimi də əladır. Təbiidirlər. Elə bil aktyor deyillər, müharibənin əsl iştirakçılarıdır. Bəlkə Polad Həşimov Azərbaycan hərbçilərinin ümumiləşmiş obrazına çevrilib, ondandır. Filmdə polkovnik Ramazan Kərimovun tabeliyindəki əsgərlərə “uşaqlar, sizinlə fəxr edirəm”, deməsi mənə general Polad Həşimovu xatırladır. Bəlkə Polad Həşimov Azərbaycan hərbçilərinin ümumişləşmiş obrazına çevrilib, ondandır. Filmdə sevgi hekayəsi də incə xəttlə keçir. Bu hekayədə türkiyəli gənc həkim qıza yer verilməsi Vətən müharibəsi dövründə qardaş ölkənin mənəvi-siyasi dəstəyinə minnətdarlıq cavabımızdır.
*
...Biz sənsiz də dolanarıq, uğur olsun yoluna.
44 günlük müharibədə xalqımız gerçək bir qəhrəmanlıq tarixinə imza atdı. Hər kəs əlinə düşəni cəbhəyə göndərməyə çalışırdı. Hətta təqaüdçü ata da... Ordumuz müasir silahlarla təchiz olunmuş, hərbi texnologiyalara bələd ordu idi, ürəklərdə od-alov, dizdə təpər vardı. Əsgərlərimizin nəyəsə ehtiyacı yox idi. Amma əhali özünü müharibənin bir iştirakçısı sayırdı. Əsgərə sovqat göndərmək cəbhədəkilərin yanında olduğunu, daim onları düşündüyünü hiss etdirmək istəyindən irəli gəlirdi. Əminəm ki, evlə əlaqə saxlayıb hal-əhval tutanlara ana-ataları məhz belə deyib: “bizdən narahat olma e.., bizdə hər şey qaydasındadı. Sən o mənfurları qovmağında ol!” deyiblər. Düzdü, səsləri bəlkə də titrəyib, kövrəliblər bir telefon zənginə. Amma üzə vurmamağa çalışıblar. Eynən Səməd Vurğunun qələmə aldığı kimi:
...Payız vaxtı bağçamızın heyvaları dəyəndə,
Şaftalılar şirələnib budağını əyəndə.
Göndərərəm sovqatını – sənin də öz payını,
Sən də artır öz əlinlə zəfərlərin sayını!
Bu misraları kövrəlmədən oxumaq mümkün deyil. Ana mərhəmətinin, ana sevgisinin, ana nəvazişinin, həm də ana vüqarının əksidir bu misralar. Kövrəlsə də, nigaranlıq çəksə də, Zəfər gözləyir!.. O zəfəri bizə bəxş etdi Azərbaycan əsgəri!
Hər gün kənd-kənd, qəsəbə-qəsəbə azad etdi torpağımızı düşməndən. Cənab Ali Baş Komandan azad edilən kəndlərin, şəhərlərin adlarını çəkdikcə, qəlbimiz riqqətə gəlirdi, gözlərimiz yaşarırdı sevincdən. Uzun illərin həsrətinə, məğlubiyyət acısına məlhəm qoyurdu igid balalar canlarını fəda edərək.
*
“44” filminin uğurlu alınmasının səbəbi Qələbə deyil təkcə. Bundan sonra nə çəkilsə, nə yazılsa, uğurlu olacaq. Çünki mahiyyət etbarilə qəlibiyyət var, zəfər var. Məncə, filmi uğurlu, baxımlı və təsirli edən həm də onun təbiiliyi, bilavasitə yaşanmış, real hadisələrin ekrana daşınmasıdır; mülki əhaliyə qarşı terror, hətta raket hücumunda yaralanan kiçik yaşlı uşağın da dəyanətini itirməməsi, düşmən əliylə şəhər və kəndlərin necə darmadağın edildiyi... Əsgərlər azad etdikləri kəndlərdə bunları görürlər: “Gör nə hala salıblar buraları”. İnsan belə dağıdıcı, barbar ola bilərmi?!. “44” filmində Vətən müharibəsinin real tablosu təkcə cəbhə bölgəsində deyil, həm də ölkə vətəndaşlarının gündəlik həyatıyla çəkilir. Və sadə insanların boyasız həyatı; əsgər atasının “deyirsən, yəni nəsə göslənilir?” sualında 30 illik həsrətə nəhayət son qoyulacağına bir ümid işığı, gülə-gülə öz yoldaşlarına “indi kəndə getsəm, atam deyəcək, yaxşı gəlmisən, get həyəti təmizlə”, deyən əsgərin, əslində orduda, cəbhədə olmasından doğan məmnunluğu – mən həyət təmizləmirəm, torpağı düşməndən təmizləyirəm məğrurluğu - 3-4 kəlməlik dialoqla verilir. İçərişəhərin filmdə görüntülənməsini çoxları tarixiliklə müasirliyin qovuşması kimi təqdim edir. Mənim üçünsə İçərişəhər Şuşa döyüşlərinin qəhrəmanı şəhid Fərid Əliyevin yaşamış olduğu məkandır. Bizim evlə qonşudur şəhidin ailəsi. Maqomayev küçəsində. 44 günlük müharibəyədək “Qəsr” adlanan küçə isə indi şəhidin adını daşıyır...
*
...Ana baxdı öz oğluna, su da səpdi dalınca...
Şair qəlbi bu səhnədən ilhamını alınca,
- Yaşa, - dedi, - ey qəhrəman! Yaşa, - dedi, - ey Vətən!
Sonra şair dodaqları öpdü ana əlindən!..
Məlumatlara görə Səməd Vurğun “Ananın öyüdü” şeirini 1941-ci ildə yazıb. Faşist ordusu SSRİ-yə hücum etdiyi zamanlarda. Bir şeir 80 ildən sonrakı dövrə necə belə uyğun gələ bilir? Cavabı budur: Bəli, xalqına dərindən bələd olan birisi bunu yaza bilərdi. İgidlik, qeyrət, Vətən sevgisi, Vətəni hər şeydən uca tutmaq... bizim xalqa və bizim analara məxsus ali keyfiyyətlərdir. Bunu bilən və xalqının ucalığını görüb onu vəsf edən şair, yazıçı hansı quruluşda yaşayırsa yaşasın, yazdıqları bütün dövrlər üçün keçərli oalcaq. “44” filminin nümayişi başa çatdıqda şəhid analarının səhnəyə dəvət edilməsini kim düşünmüşdüsə, halaldır ona. Filmin kulminasiyası məhz bu idi; anaların səhnəyə çıxması!
Hər birinizin əlindən öpürük, yaralı, lakin məğrur qadınlar – Analar!