
Elza Seyidcahanın metroda çıxışı müzakirə mövzusu oldu -RƏY
Yusif Nəzərli
11:53 26.06.2025
Cəmiyyət
387
Psixoloq Fərqanə Mehmanqızı sərnişinlərin sükut haqqını müdafiə etdi
“Biz mədəni bir ölkədə, dünyaya örnək ola biləcək paytaxt şəhər sakinləriyiksə, etik davranış normalarını da bilməli və riayət etməliyik”
Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr maraqlı fləş-moba imza atıblar. Gənclər London metrosunda bir stansiyadan digərinə keçidlər edərkən Azərbaycan xalq mahnılarını səsləndiriblər. Tələbələrin fləş-mobu sosial şəbəkələrdə yayılıb. Bəyənənlər çox olub. Xüsusi nəzərə çarpansa budur ki, belə bir davranış sərnişinlər tərəfindən də maraqla və xoş qarşılanır. Bunu sərnişinlərin üzündəki təbəssümdən görmək mümkündür. Oxşar hal Bakı Metropolitenində də yaşanıb. Amma bir qədər fərqli formada. Çünki bunu edən də hamıdan, hər kəsdən fərqlənməyə çalışan və nail də olan müğənni-bəstəkar Elza Seydcahandır. Xanım müğənni əlində mikrofon düşüb metronun “canına”, vaqonda o baş bu başa var-gəl edə-edə uca səslə mahnı ifa edib. Müşayiət edənləri də olub. Bu video da sosial platformada yayılıb. Lakin metro sərnişinlərinin qırımından görünür ki, Elza xanımın “konserti”ndən heç də xoş hal-filan deyillər. Yəqin, ifanı başa düşməyiblər. Elza xanım çətin, sirli-müəmmalı, “futurist” ifaçıdır axı!..
Məsələ kiminsə ictimai yerdə mahnı ifa etməsində deyil. Paytaxtda küçə musiqiçiləri dəbi çoxdan var. Vaxtaşırı gəncləri də, yaşlı insanları da səkidə, yeraltı keçidlərdə hansısa musiqi alətində ifa edən görürük. Amma bu yerlər açıq məkanlardır. İnsanlar ötüb keçir, bəyənən dayanıb qulaq asır, üstəlik, nəmər də verir. Məsələ ictimai nəqliyyatdırsa, vəziyyət dəyişir. Elza xanımın ifasına qulaq asmaq istəməyən varsa, neyləməlidir? Gedəcəyi ünvana çatmamış vaqonu vaxtından əvvəl tərk etməlidir? Belə bir “konsertə” icazə verənlər Elza Seyidcahanın ifasının sərnişinləri narahat edə biləcəyini də düşünməli idi. Metropoliten çəkilişlərə, kamera görüntülərinin alınmasına və həmçinin ucadan danışığın, səs-küyün olmasına qadağa qoyulmuş nəqliyyat növüdür. Deməli, rəhbərlik Elza Seyidcahana metro vaqonunu seyrəngah edib mahnı səsləndirməsinə icazə verib.
Psixoloq Fərqanə Mehmanqızı Sherg.az-a açıqlamasında qeyd etdi ki, şəhərdə səs-küyün zatən geniş yayıldığı bir vaxtda insanların sakitliyini əlavə vasitələrlə pozmaq, sərnişinləri narahat etmək etik normalara sığmır:

- Bəzən görürük ki, avtobus, taksi sürücüsü hansısa mahnı səsləndirir, sərnişinsə buna etiraz edir. Sərnişin haqlıdır, sürücü ictimai nəqliyyat idarə edirsə, sərnişinin – ictimaiyyətin fikrini, mövqeyini öyrənməli, buna müvafiq hərəkət etməlidir. Biri meyxanaya qulaq asır, biri estrada mahnısına, birisi jarqonlarla dolu ara, küçə mahnılarına. Sərnişin bunları dinləmək zorundadır? Xeyr. İnsanlar sakitlik, rahatlıq istəyir. Zatən, həyat şərtləri ağırdır. Hər tərəfdə stress, həyəcan, səs-küy. Bir tərəfdən kiminsə musiqinin səsini ucaltması insanları qıcıqlandırır. Şəxsi avtomobilində kim hansı musiqiyə istəsə, qulaq asa bilər, kimsə də ona irad bildirə bilməz. Amma bu musiqi avtomobilin pəncərəsindən küçəyə axırsa, artıq ətrafdakı insanları narahat edə bilər. Məncə, yol polisi bu cür halları qayda pozuntusu hesab edir və belə sürücülər inzibati qaydada cəzalanırlar. Bu, avtobus, taksi sürücülərinə, o cümlədən şadlıq evlərinə, restoranlara, insanlara da aiddir. Restoran sahibləri musiqinin səsini icazə verilən həddə qədər ucalda bilər. Adi insanlar da ətrafdakılara qarşı həssas və hörmətlə davranmalıdırlar. Mənzildə musiqi səsləndirən şəxs bunun digər insanları, qonşuları narahat edə biləcəyini düşünməlidir. Biz mədəni bir ölkədə, dünyaya örnək ola biləcək paytaxt şəhər sakinləriyiksə, etik davranış normalarını da bilməli və riayət etməliyik.
Elza Seyidcahanın metroda “konsert” verməsinə gəlincə, psixoloq, bəlkə də, müğənninin Londondakı azərbaycanlı gənclərdən nümunə götürdüyünü, lakin bunun o qədər də yerinə düşmədiyini dedi:
- Londonda gənclərimiz belə bir fləş-mob keçiribsə, bu, ölkəmizin, mədəniyyətimizin tanıdılması məqsədi daşıyır, Elza xanım isə özünü tanıtmağa çalışır, hərçənd buna onun ehtiyacı yoxdur. Sadəcə, fərqlənməyə çalışıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm