Türkiyədə kadavradan uşaqlıq köçürülməsindən sonra dünyaya gələn Ömər Özkan Sert 6 yaşında məktəb həyatına başlayıb.
Sherg.az xəbər verir ki, 2011-ci ildə Akdeniz Universiteti Xəstəxanasında Prof. Dr. Ömər Özkanın rəhbərlik etdiyi həkimlər tərəfindən Dərya Sertə kadavradan uşaqlıq köçürülüb. Uzunmüddətli müalicədən sonra Sert 2020-ci ildə oğlunu dünyaya gətirib.
Hazırda Mersinin Anamur rayonunda yaşayan Ömər özəl məktəbin hazırlıq sinfinə başlayıb. O, məktəbə başladığı üçün çox sevindiyini və gələcəkdə avtomobil ustası olmaq istədiyini bildirib.
Dərya Sert isə oğlunun məktəbə başlamasının onun üçün böyük sevinc olduğunu deyib. O, bu prosesdə iştirak edən həkimlərə və tibb işçilərinə təşəkkür edib.
Akdeniz Universitetinin rektoru Prof. Dr. Özlenen Özkan bildirib ki, Dərya Sertin müalicə prosesi uzun illər davam edib. Onun sözlərinə görə, bu əməliyyat dünyada kadavradan həyata keçirilən ilk uşaqlıq köçürülməsi olub və Ömərin dünyaya gəlməsi üçün 9 il davam edən müalicə prosesi aparılıb.
Dərya Sertə uşaqlıq köçürülməsi 8 avqust 2011-ci ildə 7 saat davam edən əməliyyatla həyata keçirilib. Ömər isə 4 iyun 2020-ci ildə hamiləliyin 28-ci həftəsində 760 qram çəki ilə dünyaya gəlib və ona əməliyyatı həyata keçirən Prof. Dr. Ömər Özkanın adı verilib.