“Körpə qutuları” insanları uşaqlarını tərk etməyə həvəsləndirə bilər - SOSİOLOQ

  • Elçin Bayramlı: “Qərb təcrübəsini kor-koranə tətbiq etmək ailə institutunu zəiflədir”

ABŞ-də və bəzi digər ölkələrdə valideynlərin baxa bilmədikləri yeni doğulmuş körpələri təhlükəsiz şəkildə təhvil vermələri üçün "körpə qutuları" (baby box) sistemi fəaliyyət göstərir. Bu sistemdə ana körpəni xüsusi qutuya yerləşdirir. Qutu bağlandıqdan sonra onu kənardan yenidən açmaq mümkün olmur və dərhal həyəcan siqnalı işə düşərək tibb işçilərinə xəbər verir.

Məqsəd körpələrin küçələrə, zibil qutularına və ya təhlükəli yerlərə tərk edilməsinin qarşısını almaqdır. Bu təcrübənin tarixi orta əsrlər Avropasında tətbiq olunan "uşaq çarxı"na (foundling wheel) qədər uzanır.

Azərbaycanda da zaman-zaman yeni doğulmuş körpələrin tərk edilməsi ilə bağlı hadisələr gündəmə gəlir. Bu isə ölkəmizdə də belə bir sistemin tətbiqinin məqsədəuyğun olub-olmaması ilə bağlı fikir yaradır. 

Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Sherg.az-la mövzu ilə bağlı fikirlərini bölüşüb:

"Bu proses bir cəmiyyətin mənəvi deqradasiyasının, əxlaqi çürüməsinin əyani nümunəsidir. İnsanlar o qədər vəhşiləşib, maddiyyata aludə olub, mənəvi-əxlaqi dəyərləri heçə sayır, o qədər yalnız öz əyləncəsi, həyatı və kefi üçün yaşayırlar ki, artıq onlar üçün hisslər, duyğular, doğmalıq və qan bağları önəm daşımır.

Doğma övladına qarşı belə hərəkət etmək səviyyəsinə gəlib çıxırlar. Öz doğma övladına bunu edənlərin cəmiyyətə, dövlətə və başqa insanlara nə edə biləcəyini təsəvvür etmək çətin deyil. Bu, potensial latent cinayətkarlıqdır. Belə insanlara şərait yaratmaq, xüsusilə bunun üçün xüsusi yer ayırmaq onları daha da stimullaşdırır, həvəsləndirir. Yoldan keçənlər görür ki, belə bir yer var və beynində "Mən də ora qoya bilərəm" düşüncəsi yaranır. Amma belə bir yer olmayanda heç olmasa tərəddüd edir, yer tapa bilmir, bir qədər ləngiyir və bəlkə də fikrini dəyişir.

Şəraiti rahatlaşdırmaq bu cür halları daha da stimullaşdırır. Belə şeylərə ehtiyac yoxdur.

Biz mənəvi cəhətdən möhkəm cəmiyyətik. Hər nə qədər son illərdə müəyyən problemlər yaşansa da, bu məsələdə bizdə belə hallar çox nadir baş verir. Onda da bəzən uşaq evlərinə təhvil verilir və ya elə bir yerə qoyulur ki, təhlükəsiz şəkildə onu oradan götürürlər. Belə hallar tək-tük olur". 

Sosioloqun fikrinə görə Azərbaycanda xüsusi qutular qoymaq olmaz:

"Bu uşaq əşya deyil. Onun üçün qutu qoyub "Gəlin, uşağınızı bura qoyun" mesajı vermək insanları belə bir addıma həvəsləndirmək, onlara imkan və şərait yaratmaq deməkdir.

Bu, məqsədəuyğun deyil. Ümumiyyətlə, bizim cəmiyyətimizdə buna ehtiyac yoxdur.

Çürümüş cəmiyyətlərdə artıq bu, ehtiyac səviyyəsinə çatdığı üçün həmin yola əl atırlar. Aydındır ki, məqsəd tərk edilən uşaqların təhlükəsizliyini təmin etməkdir. Amma bu, yalnız kritik həddə çatmış cəmiyyətlər üçün müzakirə oluna bilər.

Azərbaycanda isə bu, ildə bir dəfə baş verən hadisədir. Onda da elə edirlər ki, uşağı başqaları götürür. Yəni uşağı küçəyə və ya yolun ortasına tullamırlar, elə bir yerə qoyurlar ki, kimsə tapsın.

Həmin insanlar uşağı tapır və müvafiq qurumlara təhvil verirlər. Ümumiyyətlə, belə şəxslər ictimai qınağa məruz qalmalıdırlar. Çünki bunu ən azı bir neçə nəfər bilir. Əgər heç kim onlara bir söz demirsə, uşağını küçəyə atmaq kimi ağır cinayətin qarşısını ictimai qınaq olmadan almaq mümkün deyil. Digər tərəfdən isə inzibati və hüquqi məsuliyyət məsələsi var. Bu məsələdə çox ağır cəzalar tətbiq olunmalıdır. Belə əməli törədən şəxs aşkar olunan kimi çox ciddi şəkildə cəzalandırılmalıdır".

Ekspert qeyd edib ki, bir-iki nəfər ağır cəzalandırılsa, bu, digərlərinə də dərs olar və onlar belə addım atmazlar:

"Körpə insandır, zibil deyil ki, onu istənilən yerə atasan. Bu, insan həyatını məhv etmək deməkdir. İnsanları bu həddə gətirmək olmaz. İnsanlar məsuliyyətli və düşüncəli olmalıdırlar. Körpələrə qarşı belə rəftar etməməlidirlər.

Əgər belə hal baş verərsə, vətəndaşlar aidiyyəti qurumlara məlumat verməlidirlər. Üstəlik, indiki dövrdə DNT testləri vasitəsilə valideynləri də müəyyən etmək mümkündür.

Beləliklə, bir tərəfdən cəzalandırma mexanizmi, digər tərəfdən isə ictimai qınaq bu cür tək-tük halların qarşısını almalıdır ki, ölkəmizdə belə hadisələr müşahidə olunmasın. Nəinki belə şərait yaratmaq, hər yerə rahat "körpə qutuları" qoymaq, hətta insanların ağlına belə bir fikir salmaq ki, "belə bir imkan var" var demək məqsədəuyğun deyil".

Müsahibimiz Şərq və Qərb psixologiyasının fərqliliyinə də diqqət çəkib:

"Şərq və Qərb psixologiyası tamamilə fərqlidir. Amerikada və Avropada çox şey ola bilər. Amma bizim cəmiyyət tamamilə fərqlidir. Onlarda olan hər şeyi biz götürdükcə deqradasiyaya uğrayırıq. Məhz Qərb dəyərlərini kor-koranə mənimsəməyə başlayandan sonra ailə institutumuz zəifləyib. Boşanmaların sayı artıb, əxlaqi problemlər və xəyanət halları çoxalıb. İnsanlar evlilikdən imtina edir, dünyaya uşaq gətirmək istəmirlər.

Görürsünüz ki, öz dəyərlərimizi qorumayanda, "onlarda belədir, biz də edək" deyəndə nəticə belə olur. Ona görə də biz öz milli-mənəvi dəyərlərimizi qorumalıyıq.

Azərbaycanda heç kimin yuxusuna da gəlməz ki, kimsə uşağını atsın və bunun üçün xüsusi qutu qoyulsun. Min illərdir belə bir şey olmayıb.

Nadir hallarda, milyonda bir baş verən hadisə ola bilər. O da ya psixi problemi olan şəxslə, ya da çox qeyri-adi səbəblərlə bağlı ola bilər".

E.Bayramlı bildirib ki, əgər cəmiyyətimizi milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə etsək, Qərb dəyərlərini kor-koranə mənimsəmək əvəzinə öz dəyərlərimizi inkişaf etdirsək, bizdə buna ehtiyac olmayacaq:

"Valideyn uşağa baxmaq, saxlamaq istəməyə bilər. O halda da, adətən, uşağı qohumuna və ya başqa bir ailəyə verirlər. Ən pis halda isə uşaq evinə təhvil verirlər. Ən pis variant budur, yoxsa uşağı aparıb hansısa qutuya qoymaq deyil. Belə hallar bizdə olmamalıdır. Azərbaycanda buna ehtiyac yoxdur".