- “Uşaqları internetdə seksual məqsədlə təqib edənləri 3 ilə qədər həbs gözləyir”
- "Uşaqlarla işləyən müəssisələrə işə qəbul zamanı şəxslərin keçmişdə bu növ cinayətlərə görə məhkumluğunun olub-olmaması, həmçinin psixi durumları, əsəb sistemi ciddi şəkildə yoxlanmalıdır"
Özbəkistanda uşaqlara qarşı cinsi istismar törədənlərin ən ağır cəzaya – ölüm hökmünə mıhkum edilməsi tələb olunur. Bu barədə Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva çağırış edib. Administrasiya rəhbəri uşaqlara qarşı xüsusilə ağır xarakterli cinsi cinayətlərə görə cəzanın sərtləşdirilməsini təklif edib: “Fikrimcə, belə dəhşətli cinayətlərə görə ölüm cəzası tətbiq olunmalıdır. Amma təəssüf ki, qüvvədə olan qanun bunu nəzərdə tutmur”.
Səidə Mirziyoyevanın sözlərinə görə, müvafiq dövlət qurumlarına tapşırıqlar verilib, hakimiyyət artıq bu cür cinayətlərə görə məsuliyyətin gücləndirilməsi məqsədilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayır. Özbəkistan rəsmisi həmçinin vurğulayıb ki, məsuliyyət yalnız cinayətin birbaşa iştirakçılarının deyil, həm də səhlənkarlığa yol vermiş və uşağın təhlükəsizliyini təmin etməmiş şəxslərin üzərinə düşməlidir: “Cinayətkar son dərəcə sərt cəzaya məruz qalacaq. Həmçinin buna yol verən, səhlənkarlıq göstərən və uşağı qorumayan hər kəs də məsuliyyət daşıyacaq”. Açıqlama Özbəkistanın Namanqan vilayətində uşaq bağçasında beş yaşlı qıza qarşı cinsi zorakılıq faktı ilə bağlı cinayət işinin başlanması fonunda verilib. Yerli KİV-in məlumatına görə, şübhəli şəxs uşaq bağçasının anbar rəhbəri olub. O, həbs edilib.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Sherg.az-a açıqlamasında uşaqlara qarşı ağır cinayətlər, o cümlədən cinsi istismar törədənlərin ən ağır cəzaya məhkum edilməsinə tərəfdar olduğunu dedi: 
- Yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı və bu kateqoriyadan olan cinayətlərdə subyektlərin hüquqi məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və beynəlxalq konvensiyaları əsaslanır. Azərbaycan qanunvericiliyinə əsasən, şəxsin törətdiyi hər hansı cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün ümumi yaş həddi 16 yaş olaraq müəyyən edilmişdir. Məktəblilər tərəfindən törədilən cinayətlərdə də şəxsin 16 yaşı tamam olduqda o, tam hüquqi subyekt qismində məsuliyyət daşıyır. Lakin istisna hallar var ki, bu zaman yaş həddi daha aşağı olan da cinayət məsuliyyətinə cəlb edilir. Cinayətin xarakteri ağır olduqda, məsələn, cinsi zorakılıq, zorlama və ya digər seksual xarakterli məcburi hərəkətlər törədildikdə cinayət məsuliyyəti yaşı 14-ə enir. Bu o deməkdir ki, 14 yaşlı məktəbli də cinsi zorakılıq əməlinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. 16 yaşına çatmayanlarla cinsi əlaqə CM-nin 152-ci maddəsinə əsaslanır. Yetkinlik yaşına çatmış şəxsin 16 yaşına çatmayan şəxslə, hətta zor tətbiq edilmədən, qarşılıqlı razılıq olsa belə intim münasibətdə olması birbaşa cinayət məsuliyyəti yaradır. Həmçinin Azərbaycanın ratifikasiya etdiyi “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına -Lanzarote Konvensiyası - uyğun olaraq qanunvericilik təkmilləşdirilib. Bu konvensiyaya əsasən, məktəb mühitində və digər müəssisələrdə uşaqların cinsi istismardan qorunması üçün daha sərt preventiv mexanizmlər və cinayət-prosessual normalar tətbiq edilməlidir. Azərbaycanın Avropa Şurasının “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Konvensiyasına qoşulduqdan sonra uşaqların müdafiəsi istiqamətində milli qanunvericilikdə çox ciddi islahatlar aparılıb və Cinayət Məcəlləsinə mühüm dəyişikliklər edilib.
Ə.Nuriyev bildirdi ki, CM-nə edilən dəyişikliklər nəticəsində sanksiyalar sərtləşdirilib:
- Yetkinlik yaşına çatmayan və azyaşlı şəxslərə qarşı törədilən cinsi xarakterli cinayət əməllərinə görə nəzərdə tutulan cəzalar əhəmiyyətli dərəcədə ağırlaşdırılıb. Virtual təqiblər də cinayət məsuliyyəti yaradır. Sosial şəbəkələr və informasiya-kommunikasiya vasitələri ilə azyaşlılara qarşı seksual xarakterli onlayn təqib halları birbaşa cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinə əlavə edilən yeni müddəaya əsasən, seksual xarakterli məqsədlərlə uşaqları internetdə təqib edən şəxsləri 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Konvensiyanın əsas tələblərindən biri kimi, uşaqlara qarşı törədilmiş cinsi cinayətlər üzrə cinayət təqibi və araşdırma üçün vaxt məhdudiyyətləri uzadılıb. Bu, zərərçəkmiş şəxs yetkinlik yaşına çatdıqdan sonra belə cinayətkarların məsuliyyətə cəlb edilməsinə hüquqi imkan yaradır.
Ə.Nuriyev qeyd etdi ki, Azərbaycanda ölüm hökmü 1998-ci ildə ləğv edilib, qanunvericiliyə görə törədilən cinayətin ağırlıq dərəcəsinə görə ömürlük həbs cəzası və ya ən yuxarı hədd kimi 20 il, bəzən istisna hallarda hətta 25 il də azadlıqdan məhrumetmə cəzası tətbiq edilir:
- 14 yaşına çatmayan, azyaşlı hesab olunan uşaqlara qarşı törədilən zorlama və seksual xarakterli zorakılıq hərəkətlərinə görə təqsirkar şəxslər adətən 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası alırlar. Məhkəmə təcrübəsində bu maddələrlə 14-18 il arası ağır həbs cəzalarının verilməsi faktları mövcuddur.
Hüquqşünas hesab edir ki, bununla belə preventiv tədbirlərin böyük əhəmiyyəti var. Uşaqlarla işləyən müəssisələrə işə qəbul zamanı şəxslərin keçmişdə bu növ cinayətlərə görə məhkumluğunun olub-olmaması, həmçinin psixi durumları, əsəb sistemi ciddi şəkildə yoxlanmalıdır. Nəinki uşaqlara qarşı zorakılıq, cinsi istismar törədən kənar şəxslər, həmçinin uşağına şiddət göstərən valideynlərə qarşı da Cinayət Məcəlləsində ən ağır cəza tədbirləri, məsələn, 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə və digər sərt sanksiyalar nəzərdə tutulur.