Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?

Hüquqşünas və yazar Aslı Karataş qadınların bir-birinə kompliment etməkdə asanlıqla həmrəylik göstərsələr də, daha ciddi məsələlərdə niyə eyni dəstəyi nümayiş etdirmədiklərini araşdırıb.

Sherg.az xəbər verir ki, Karataş yazısında qadın həmrəyliyinin qarşısındakı əsas maneələrdən birinin risk və bunun yaratdığı sosial məsuliyyət olduğunu vurğulayıb.

Onun fikrincə, bir qadına kompliment etmək heç bir ciddi risk yaratmır. Lakin bir qadının ictimai şəkildə açıqladığı hadisənin arxasında dayanmaq iş, karyera, nüfuz, ailə münasibətləri və institusional güc baxımından müəyyən bədəllər tələb edir.

Yazar qeyd edir ki, qadınlar sosiallaşma prosesində daha çox “uyğunlaşan, dəstəkləyən və yaxşı” davranışlara təşviq edilir, lakin qarşıdurmaya, qəzəbə və açıq mübarizəyə daha az hazırlanırlar. Bu səbəbdən həmrəylik yalnız mənəvi seçim deyil, həm də resurs məsələsidir.

Karataş qadınların bəzən zorakılıq və ya digər hadisələrlə bağlı açıqlama verən qadınları deyil, onları günahlandıran yanaşmaları da təhlil edir. Onun fikrincə, zərərçəkəni məsul tutmaq bəzi insanlar üçün özlərini təhlükədən uzaq hiss etməyin psixoloji yolu ola bilər.

Yazıda “himpathy” anlayışına da toxunan Karataş bildirir ki, simpatiyanın hadisənin iştirakçısı olan kişiyə yönəlməsi yalnız kişilər tərəfindən deyil, qadınlar tərəfindən də nümayiş etdirilə bilər. “Karyerası məhv olacaq”, “yaxşı atadır”, “səhv edib” kimi reaksiyalar buna nümunə göstərilir.

Karataş qadınların daha güclü həmrəylik yaratması üçün fərdi reaksiyalardan əlavə, davamlı və institusional strukturların qurulmasının vacibliyini vurğulayır. Onun fikrincə, əsas problem ilk dəstəyi göstərən şəxsin bütün sosial bədəli təkbaşına ödəməsidir.