"Bu vəziyyət uşağı yeni oyunlar tapmağa və daxili resurslarını işə salmağa sövq edir"
Müasir dövrdə texnologiyanın həyatımıza sürətlə inteqrasiyası uşaqların gündəlik davranış və düşüncə tərzinə də ciddi təsir göstərir. Rəqəmsal cihazların erkən yaşlardan etibarən həyatın ayrılmaz hissəsinə çevrilməsi bir tərəfdən rahatlıq yaratsa da, digər tərəfdən uşaqların psixoloji və zehni inkişafı ilə bağlı narahatlıqları artırır. Mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə sürətli və intensiv informasiya axını ilə müşayiət olunan rəqəmsal mühit uşaqların diqqət, səbr və davranış bacarıqlarına mənfi təsir göstərə bilər.
Klinik psixoloq Doğancan Dursun hesab edir ki, valideynlərin ən böyük səhvlərindən biri uşaqları sakitləşdirmək və ya məşğul etmək üçün telefon və planşetlərdən istifadə etməsidir: “ Bu cihazlar getdikcə “rəqəmsal baxıcı” rolunu oynamağa başlayır.
Dursun qeyd edir ki, asan və tez əldə olunan “dopamin” (məmnunluq hissi) beynin ön hissəsində həssaslığın azalmasına səbəb olur. Bu da uşağın səbrini, diqqətini və özünüidarə bacarığını zəiflədir”.
Mütəxəssis uşaqların bəzən sıxılmasının zərərli deyil, əksinə faydalı olduğunu vurğulayır. Onun fikrincə, "ana, darıxdım” ifadəsi inkişaf üçün mühüm siqnaldır:
“Sıxılmaq yaradıcılığı stimullaşdırır. Uşağın özünü məşğul etmə bacarığını inkişaf etdirir. Diqqət və fokuslanmanı gücləndirir və daxili motivasiyanı artırır.
Bu baxımdan, uşağa daim hazır əyləncə təqdim etmək əvəzinə, onun öz oyununu qurmasına imkan vermək daha faydalıdır”.
Psixoloqun fikrincə, gələcəyin ən uğurlu fərdləri daim əyləndirilən yox, səbr etməyi, gözləməyi və hətta sıxılmağı bacaran uşaqlar olacaq. Rəqəmsal dünyanın sürətli ritmində böyüyən yeni nəsil üçün ən böyük üstünlük – sadəlik, təbii təcrübə və daxili balansı qorumaq olacaq.
Psixoloq Aytən Ələkbərova Sherg.az-a bildirib ki, indiki dövrdə telefon asılılığı, telefondan çox istifadə etmək qaçılmazdır. Bu təhlükəni hamımız hiss edir, anlayırıq: “Uşaq sistemsiz şəkildə telefondan istifadə etdikdə bu onun həm psixologiyasına, bədən quruluşuna, fiziologiyasına, həm də ruh halına ciddi təsir göstərir. Ona görə də müəyyən vaxt, saat olmalıdır və sistem lap əvvəldən ailədə yaradılmalı, möhür olaraq qoyulmalıdır, uşaq da ona uyğun davranmalıdır”.
Psixoloq hesab edir ki, uşaqlarda yaranan telefon asılılığını azaltmaq üçün, ilk növbədə, problemin həllinə valideynlərdən başlamaq lazımdır: “Çünki valideynlər övladını yedirtməkdən ötrü uşağın başını telefonla qatırlar. Uşaqlar artıq ana bətnində olarkən telefon aludəçiliyinə meyillənmiş olurlar. Çünki valideyn nə edirsə, bətn daxilində olan uşağın şüuraltına təsir göstərir. Deməli, biz bu prosesə hamiləlik dövründən başlamalıyıq. Uşaqlar düşdükləri mühitə uyğun olaraq formalaşırlar. Valideynlərin uşaqları “məşğul etmək” məqsədilə rəqəmsal cihazlara yönəltməsi qısa müddətdə rahatlıq yaratsa da, uzunmüddətli perspektivdə uşağın özünüidarə, səbr və yaradıcılıq bacarıqlarını zəiflədir. Uşağın darıxmasına imkan vermək əslində inkişafın vacib hissəsidir və bu vəziyyət uşağı yeni oyunlar tapmağa və daxili resurslarını işə salmağa sövq edir. Sıxılma uşaqlarda yaradıcılığı aktivləşdirir, onları özlərini məşğul etməyə təşviq edir, diqqət və fokuslanma bacarıqlarını gücləndirir, həm də daxili motivasiyanın formalaşmasına şərait yaradır. Uşağa daim hazır əyləncə təqdim etmək əvəzinə, onun öz oyununu qurmasına imkan yaratmaq daha sağlam psixoloji inkişaf üçün vacibdir”.
A. Ələkbərova qeyd edib ki, sağlam inkişaf üçün uşaqlarda canlı ünsiyyət, açıq hava fəaliyyəti və sərbəst oyun mütləq şəkildə gündəlik həyatın bir hissəsi olmalıdır: “Texnologiya tamamilə qadağan edilməməli, balanslı və valideyn nəzarətində icazə verilməlidir ki uşaqlar həm rəqəmsal bacarıqlara yiyələnsin, həm də real həyat bacarıqlarını itirməsinlər”.