Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH

  • Rusiya ilə Ukrayna arasında həllini tapmamış ciddi ziddiyyətlər mövcuddur

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri yekunlaşıb. Moskvada və Kiyevdə üçtərəfli görüşün keçirilməsi imkanları müzakirə edilib. Stiven Uitkoff Moskvada keçirilən danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu bildirib. Ancaq bu irəliləyişin nədən ibarət olduğu haqqında detallı açıqlama verməyib. 

Stiven Uitkoff Moskva və Kiyevin müharibəyə son qoymaları üçün güzəştə getmələrinin vacib olduğunu deyib. “Gazeta.ru”nun məlumatına görə, ABŞ nümayəndə heyətinin Moskva səfəri Rusiya tərəfindən mühüm hadisə kimi qiymətləndirilib. Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Aleksey Çepanın sözlərinə görə, Moskva danışıqlarının yaxşı səviyyədə keçdiyini və tərəflərin əldə olunan nəticələrdən razı qaldığını bildirib.

Xatırladaq ki, sentyabrın 5-də Uitkoff və Kuşner Rusiya Prezidenti Vladimir Putinlə Kremlində üç saatdan artıq davam edən görüş keçiriblər. Görüşdə əsas diqqət Ukrayna münaqişəsinin nizamlanmasına yönəlsə də, digər məsələlər də müzakirə olunub. Uitkoff da görüşdən sonra Putinin ABŞ nümayəndə heyətinə hörmətli münasibət göstərdiyini bildirib. 

ABŞ–Ukrayna görüşündən sonra Fransa, Böyük Britaniya və Almaniyanın milli təhlükəsizlik müşavirlərinin iştirakı ilə genişləndirilmiş görüş planlaşdırılıb. 

Mövzunu şərh edən siyasi ekspert Asif Nərimanlı Sherg.az-a açıqlamasında ABŞ nümayəndə heyətinin Moskva və Kiyevə səfərinin Ukrayna müharibəsi ilə bağlı diplomatik prosesin yenidən canlandırılması baxımından mühüm addım kimi dəyərləndirib. Onun sözlərinə görə, Amerika nümayəndə heyətinin Moskva və Kiyevə səfəri, Ukrayna müharibəsi ətrafında diplomatik danışıqların yeni mərhələyə keçməsi üçün imkanlar yaradır:

“Bu səfərlər ən azı onu göstərir ki, ABŞ tərəfi əvvəllər nəticəsiz qalan və müəyyən müddət dayanmış sülh prosesini yenidən bərpa etməyə və real irəliləyiş əldə etməyə çalışır. Məlumdur ki, bundan əvvəl də Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı diplomatik proses gedirdi. Lakin ABŞ-ın diqqətinin İran müharibəsinə yönəlməsi fonunda bu proses müəyyən qədər səngimişdi. Hazırda isə Vaşinqton yenidən Ukrayna məsələsinə qayıdaraq daha konkret nəticə əldə etməyə çalışır. Nümayəndə heyətinin əvvəlcə Moskva, daha sonra Kiyevə səfər etməsi və tərəflərlə birbaşa təmaslar qurması göstərir ki, ABŞ ən azı danışıqların növbəti mərhələsinin əsas konturlarını müəyyənləşdirməyə çalışır. Bununla belə, Moskva ilə Kiyev arasında fundamental fikir ayrılıqları hələ də qalmaqdadır və bu səbəbdən prosesin qısa müddətdə yekun sülh razılaşması ilə nəticələnəcəyini, üçtərəfli danışıqların yekun nəticəyə necə təsir göstərəcəyini indidən söyləmək hələ tezdir. Çünki tərəflər arasında ciddi fikir ayrılıqları qalır və prosesin hansı istiqamətdə inkişaf edəcəyi hələ tam aydın deyil. Lakin ən azı bunu demək mümkündür ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda diplomatik müstəvidə də yeni danışıqlar mərhələsinin başlandığını müşahidə edirik. Bu baxımdan, baş verənləri sülh prosesinin yenidən canlandırılması istiqamətində ilkin addım kimi qiymətləndirmək olar”.

Razılaşma ehtimalını qiymətləndirən A. Nərimanlı hesab edir ki, Rusiya ilə Ukrayna arasında həllini tapmamış ciddi ziddiyyətlər mövcuddur və onların başında ərazi məsələsi dayanır: “Rusiyanın əsas tələblərindən biri Donbasın bütövlükdə onun nəzarətinə keçməsidir. Söhbət təkcə Rusiya ordusunun hazırda işğal etdiyi ərazilərdən getmir. Donbasın Ukrayna ordusunun nəzarətində olan hissələrinin də Kiyev tərəfindən tərk edilməsi və Rusiyanın nəzarətinə verilməsi Moskvanın əsas tələblərindən biridir. Lakin bu məsələ Ukrayna üçün qırmızı xətdir. Kiyev ərazilərin Rusiyaya verilməsini qəbul etmir və bu mövqedən geri çəkilməyə hazır görünmür. Bu səbəbdən də tərəflərin mövcud mövqeləri arasında ciddi uçurum qalır və həmin ziddiyyət aradan qaldırılmadan danışıqlardan konkret nəticə əldə etmək kifayət qədər çətin olacaq”.

Amerikanın ərazi məsələsinə fərqli yanaşdığını vurğulayan ekspertin sözlərinə görə, Vaşinqton təklif edir ki, Ukrayna ordusu Donbasda nəzarət etdiyi ərazilərdən geri çəkilə bilər, lakin həmin ərazilər Rusiyaya verilməz: “Bunun əvəzində burada xüsusi statuslu, azad iqtisadi zona yaradılması nəzərdə tutulur. Belə bir model reallaşarsa, burada qazanan nə Rusiya, nə də Ukrayna olacaq. Burada ABŞ geosiyasi və iqtisadi faydası olacaq. Çünki azad iqtisadi zona çərçivəsində Donbasda Amerika investisiyalarının yerləşməsi və ABŞ şirkətlərinin regionda iqtisadi iştirakının artması ehtimalı yaranır. Bu isə Vaşinqtonun bölgədə mövqelərini gücləndirməsi və faktiki olaraq Rusiyanın sərhədlərinə daha da yaxınlaşması anlamına gələ bilər.

Digər tərəfdən, bu model Ukrayna üçün də ciddi problemlər yaradır. Çünki Kiyev baxımından məsələ təkcə hərbi nəzarətin itirilməsi deyil, həm də ərazi bütövlüyü prinsipidir. Ukrayna ordusunun həmin ərazilərdən çıxması faktiki olaraq ərazi itkisi kimi qiymətləndirilə bilər. Üstəlik, əgər sonrakı mərhələdə Amerika investisiyaları adıçəkilən azad iqtisadi zona vasitəsilə Donbasda möhkəmlənərsə, Ukraynanın gələcəkdə bu əraziləri hərbi yolla geri qaytarmaq imkanları və perspektivi də müəyyən mənada məhdudlaşa bilər. Bu baxımdan, təklif hər iki tərəf üçün kifayət qədər mürəkkəbdir. Rusiya Donbas üzərində tam nəzarət tələb edir, Ukrayna isə ərazilərinin verilməsini qəbul etmir. ABŞ-ın irəli sürdüyü model isə tərəflərin heç birinin əsas tələblərini tam təmin etmir. Məhz buna görə də ərazi məsələsi sülh danışıqlarının qarşısındakı ən ciddi maneələrdən biri olaraq qalır. Amma hazırkı mərhələdə həm Rusiya, həm də Ukrayna müəyyən mənada ABŞ-ın təzyiqi altındadır. Bu baxımdan, ərazi məsələsinin həlli üçün Vaşinqtonun təklif etdiyi model yeganə mümkün variant kimi görünə bilər. Lakin bu, kifayət qədər ziddiyyətli yanaşmadır. Çünki nə Rusiya, nə də Ukrayna öz maksimalist mövqeyindən geri çəkilməyə hazır görünür.

Məhz buna görə də danışıqlar prosesinin yeni mərhələyə keçməsi müəyyən ümidlər yaratsa da, yaxın vaxtlarda konkret razılaşmanın əldə olunacağını söyləmək çətindir. Tərəflərin mövqeləri arasında ciddi fərqlər qalır və hazırkı şəraitdə onların bu ziddiyyətləri qısa müddətdə aradan qaldırması o qədər də real görünmür. Bu səbəbdən, yaxın zamanda yekun razılaşmanın əldə olunması ehtimalı çox aşağıdır”.

A. Nərimanlı qeyd edib ki, tərəflərin hər ikisi müharibəni davam etdirməklə yanaşı, danışıqlar prosesində də iştirak etməlidir: “Dediyim ki, hazırkı mərhələdə bu addımlar daha çox ABŞ-ın təzyiqi fonunda atılır və tərəflər bununla sülh prosesindən kənarda qalmadıqlarını göstərməyə çalışırlar. Bununla belə, prinsipial məsələlərdə həm Rusiya, həm də Ukrayna öz maksimalist tələblərindən geri çəkilmir. Bu isə razılaşma imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Fikrimcə, mövcud proses Ukrayna ilə bağlı yeni danışıqlar raundunun başlanması ilə nəticələnəcək. Lakin həmin danışıqlardan qısa müddətdə konkret nəticə əldə olunacağı ehtimalı kifayət qədər zəifdir. Əksinə, danışıqların davam etdiyi müddətdə tərəflərin bir-birinə qarşı hərbi zərbələri də davam etdirməsi, hətta onların daha da intensivləşməsi mümkündür.

Çünki tərəflər, bir qayda olaraq, hərbi əməliyyatlarla yanaşı, danışıqlar masasında da öz mövqelərini gücləndirməyə çalışırlar. Hərbi zərbələrdən əsas məqsəd qarşı tərəfə təzyiq göstərmək və danışıqlarda daha əlverişli mövqe əldə etməkdir. Bu baxımdan, diplomatik prosesin intensivləşməsi müharibənin dərhal səngiyəcəyi anlamına gəlmir.

Ümumilikdə isə Ukrayna məsələsində diplomatik və hərbi proseslərin paralel şəkildə davam etdiyi yeni mərhələnin formalaşdığını görə bilərik. Yəni yaxın perspektivdə həm danışıqlar masasının, həm də döyüş meydanının prosesin əsas müəyyənedici platformaları olaraq qalacağı ehtimalı yüksəkdir”.