Tehran - Vaşinqton masasından NƏTİCƏ ÇIXMADI: “Tərəflər güzəştə getmək istəmir”

  • Nə ABŞ, nə də İran güzəştə getmək niyyətindədir. İslamabad anlaşması da demək olar ki, işləmədi

İranla ABŞ arasında altı aydan çoxdur davam edən hərbi qarşıdurma sentyabrın əvvəlində yenidən kəskin mərhələyə daxil olub. Bir aylıq nisbi sakitlikdən sonra tərəflər hava, raket və dəniz hücumlarını bərpa ediblər. Hazırda əsas gərginlik nöqtəsi Hörmüz boğazıdır. İran bu ərazidə yeni “qapalı zona” yaratmağa hazırlaşdığını açıqlayıb, ABŞ isə İranın neft ixracını məhdudlaşdırmaq məqsədilə hərbi-dəniz blokadasını gücləndirib.

7 sentyabr 2026-cı il tarixinə olan məlumata görə, müharibənin yaxın vaxtlarda tam dayanacağını göstərən ciddi diplomatik irəliləyiş yoxdur. Əksinə, tankerlərə və hərbi gəmilərə qarşı hücumlar münaqişənin enerji daşımalarına daha ağır təsir edə biləcəyi ehtimalını artırır.

Qeyd edək ki, son günlərdə döyüşlərin ağırlıq mərkəzi qurudan dənizə keçib. ABŞ İranın ballistik raketlərlə Amerika hərbi gəmilərini hədəfə aldığını bildirərək üç İran neft tankerinə zərbə endirib. İran da ABŞ gəmilərinə və Tehranın icazə vermədiyi marşrutlardan istifadə edən tankerlərə hücum etdiyini açıqlayıb.

ABŞ İranın neft ixracının qarşısını almaq üçün bölgədə 20-dən çox hərbi gəmidən istifadə edir. Amerika qüvvələrinin indiyədək 92 kommersiya gəmisinin istiqamətini dəyişdirdiyi və üç gəmini sıradan çıxardığı bildirilir. Vaşinqton Hörmüz boğazının beynəlxalq su yolu olduğunu deyir və ticarət gəmilərinin təhlükəsiz keçidi üçün hərbi müşayiəti genişləndirir.

İran isə boğazın yaxınlığında “qapalı zona” elan edəcəyini açıqlayıb. Bu qərar həyata keçirilsə, icazəsiz keçməyə çalışan gəmilər İran qüvvələrinin hədəfinə çevrilə bilər. Belə vəziyyət ticarət gəmiləri ilə hərbi obyektlər arasındakı sərhədi daha da zəiflədə və yanlış hesablamadan doğan böyük döyüşə yol aça bilər.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov Sherg.az-a açıqlamasında İranla ABŞ arasında keçirilən danışıqların hələlik konkret və məhsuldar nəticə görməyin çətin olduğunu deyib:

“Bunun özünəməxsus səbəbləri var. Belə danışıqların nəticə verməməsinin əsas səbəbi tərəflərin ciddi güzəştlərə getmək istəməməsidir. 

Faktiki olaraq nə Amerika Birləşmiş Ştatları, nə də İran güzəştə getmək niyyətindədir. İslamabad anlaşması da demək olar ki, işləmədi. Əldə olunan razılaşmalar tam şəkildə işlək mexanizmə çevrilmədi. Üstəlik, ABŞ tərəfi də irəli sürdüyü müəyyən tələblərin həyata keçirilməsində israrlı mövqe nümayiş etdirirdi. Bu isə İranın maraqlarına xidmət etmirdi”.

İslamabad anlaşmasında daha çox Amerikanın maraqlarının ön plana çıxdığını vurğulayan S. Hümbətov qeyd edib ki, razılaşmada dondurulmuş aktivlərin açılması, Hörmüz boğazının açıq saxlanılması, İrana investisiyaların yatırılması və digər məsələlərdən söhbət gedirdi. Lakin bunların reallaşması, təbii ki, asan görünmürdü. Çünki İrandakı mövcud rejim bu proseslərə fərqli yanaşır:

“Ona görə də düşünürəm ki, bundan sonra da İranın neft ixracının məhdudlaşdırılması ilə bağlı müəyyən addımlar atıla bilər. Eyni zamanda, Yaxın Şərqdə, xüsusilə İran-ABŞ münasibətləri ətrafında hansısa sabitliyin yaranması da hazırkı mərhələdə real görünmür”.