"Çünki vəziyyətə uyğun geosiyasi transformasiyaya ehtiyac var və prosesin uzadılması əlavə risklər yarada bilər”
Ermənistanda parlament seçkilərinə sayılı aylar qaldığı bir vaxtda rəsmi İrəvanın Azərbaycanla sülh gündəliyini sürətləndirməsi diqqət çəkir. Baş nazir Nikol Paşinyan ölkədə keçiriləcək seçkilərə qədər Bakı ilə sülh müqaviləsinin imzalanması niyyətini açıqlayaraq bunun hökumətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
N.Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, sülh sazişinin imzalanması hökumətin əsas gündəliyindədir:
“Mənim belə bir gündəliyim var. Əslində, bu sənədin ötən ilin dekabr, yanvar və ya aprel aylarında imzalanması da gündəmdə idi, çünki layihə üzrə əsas müzakirələr hələ ötən ilin martında yekunlaşıb. Biz bu istiqamətdə işləməyə davam edəcəyik”.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-nə təyin edilib. Prezident Vaaqn Xaçaturyan artıq seçkilərin keçirilməsi barədə müvafiq fərman imzalayıb. Paşinyan komandası seçkilərə sülh müqaviləsi imzalamış iqtidar kimi getməyi hədəfləyir.
Politoloq Natiq Miri Sherg.az-a deyib ki, Ermənistan rəhbərliyinin ötən ildən bəri mövqeyi sülh müqaviləsini imzalansı və regionda birdəfəlik sülh qərarlaşmasından ibarətdir:
“Bu da, müəyyən mənada Ermənistanın təhlükəsizliyinin təminatı kimi qiymətləndirilirdi. O baxımdan, Ermənistan Azərbaycanın şərtləri tam yerinə yetirilmədən belə yekun sülh müqaviləsinin imzalanmasını istəyirdi. Ancaq burada Azərbaycanla bağlı hüquqi təminat məsələsi də var ki, bu da Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddiaları kontekstində özünü göstərir. Lakin indiki vəziyyətdə yekun sülh müqaviləsinin Ermənistanda yeni konstitusiyanın qəbulu ilə bağlı referendumdan öncə imzalanması müəyyən mənada təşviq ediliri və əsaslandırılır”.
Politoloq qeyd edib ki, ABŞ vitse-prezidentinin regional səfərinin əsas məqsədlərindən biri də Azərbaycan və Ermənistan arasında sülh prosesinin geriyə dönüşünün qarşısını birdəfəlik almaq idi:
“ Çünki belə potensial risk amilləri mövcuddur. Regiondan kənar bəzi qlobal güclər tərəfindən yeni müharibə ocağının tətiklənməsi ilə bağlı mütəmadi fikirlər səsləndirilir. O cümlədən Azərbaycan və Ermənistan arasında münasibətləri gərginləşdirməyə yönəlmiş siyasi qərarlar qəbul edilir. İstər Fransa parlamentində, istər İranda bəzi güc mərkəzlərinin Azərbaycana təhdid xarakterli açıqlamaları, istərsə də Rusiyadan gələn müəyyən hədələr həqiqətən də risk amillərini artırır. Buna görə də Vensin Azərbaycan səfəri zamanı vurğuladığı əsas məqamlardan biri sülh prosesinin mütləq şəkildə dayanıqlı olması idi. Bu isə artıq paraflanmış sənəddən irəliyə doğru konkret addım atmağın zamanı çatıb deməkdir. Yəni risk faktorlarının qarşısını almaq və perspektivdə sülh prosesinin geriyədönməz xarakter almasına şərait yaratmaq hədəflənib. Eyni zamanda, ABŞ-İran gərginliyi fonunda regionda sabitliyin qorunması ilə bağlı mesaj da həm dünyaya, həm də maraqlı tərəflərə ünvanlandı”.
Analitik söyləyib ki, Ermənistanın Ədliyyə nazirinin son çıxışı da diqqət çəkir:
“Nazir açıq şəkildə bəyan etdi ki, Ermənistanın yeni konstitusiyasının mətni yaxın aylarda hazır olacaq. Mart ayı konkret zaman çərçivəsi kimi göstərildi. Əgər yeni mətn həmin dövrdə hazır olacaq və ictimai müzakirəyə təqdim ediləcəksə, böyük ehtimalla preambulada Azərbaycana qarşı ərazi iddialarına yer verilməyəcək.
Bu isə dolayısı ilə Azərbaycana və sülh prosesinə qarant olan tərəflərə mesaj olacaq ki, Azərbaycanın irəli sürdüyü şərtlər perspektivdə hüquqi baxımdan təminat altına alınır. Doğrudur, bunun üçün referendum və erməni xalqının səsverməsi tələb olunacaq. Ancaq əgər parlament seçkilərində Nikol Paşinyan hökuməti qalib gələrsə, referendumun keçirilməsi və yeni konstitusiyanın təsdiqi daha çox texniki prosedura çevrilə bilər. Bu baxımdan, indiki situasiya onu göstərir ki, referenduma, hətta iyun ayında keçirilməsi gözlənilən parlament seçkilərinə qədər Azərbaycan və Ermənistan arasında ilkin sülh müqaviləsinin imzalanması mümkündür. Mövcud reallıqları nəzərə alsaq, bu yanaşma məqbul görünür. Çünki vəziyyətə uyğun geosiyasi transformasiyaya ehtiyac var və prosesin uzadılması əlavə risklər yarada bilər”.