Ekspert: Sarkozinin işində siyasi qarşıdurma rol oynayır

Fransa prokurorluğu seçki kampaniyasını maliyyələşdirdiyinə görə 5 il həbs cəzası alan keçmiş prezident Nikola Sarkozinin həbsxanadan məhkəmə nəzarətinə keçirilməsini təklif edib.

Bu barədə BFMTV telekanalı məlumat yayıb.

Prokurorun təklifinə əsasən, Sarkozinin həbs-qətimkan tədbiri apellyasiya şikayətinə qədər dəyişdirilərək, onun məhkəmə nəzarəti altında azadlığa buraxılması mümkün olacaq. Şərt isə odur ki, keçmiş prezident digər şəxslərlə əlaqə saxlamamalıdır.

N.Sarkozi Apellyasiya Məhkəməsində videobağlantı vasitəsilə iştirak edəcək. Əgər məhkəmə prokurorluğun təklifini qəbul edərsə, Sarkozi dərhal azadlığa çıxacaq. Qərar Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq.

Beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Nikola Sarkozinin apellyasiya hökmü ilə azadlığa buraxılması mümkündür və gözlənilir ki, belə bir proses reallaşacaq:

"Amma əsas məsələ ittiham səbəblərinin kifayət qədər maraqlı olmasıdır. Çünki o, 2007-ci ildə keçirilən seçkilərdə Liviya dəstəkli proseslərdə iştirakı, o cümlədən Qəddafi ilə çoxmilyonlu qeyri-leqal maliyyə alış-verişinə görə ittiham olunur. Bunların üzərinə korrupsiya ilə bağlı iddialar da əlavə olunub. Sarkozinin əsas ittihamı qeyri-qanuni gəlir əldə etməkdir. Digər mühüm məqam isə onun təmsil etdiyi siyasi düşərgənin sağ mərkəzçi, yəni bir qədər mühafizəkar istiqamətdə olmasıdır. Bu siyasi xətt “güclü Fransa”, milli mərkəzlilik, güclü iqtisadiyyat və dolayı yolla sərt miqrasiya siyasəti kimi prinsiplərlə ön plana çıxır. Makron isə mərkəz liberal düşərgəni təmsil edir və açıq iqtisadiyyat siyasətinin tərəfdarıdır. Dünyada nüfuzu azalan liberalizm cərəyanının nümayəndəsi kimi onun hakimiyyəti də Avropada və Fransada zəifləməkdədir. Məsələn, ABŞ-də Trampın — yəni sərt və milli yönümlü siyasətin Bayden kimi liberal liderdən sonra hakimiyyətə gəlməsi bu tendensiyanın göstəricisidir. Sarkozinin cəzalandırılmasının arxasında da bu ideoloji qarşıdurma dayanır. Hər nə qədər açıq düşmənlik olmasa da, siyasi cəbhələr arasında ciddi rəqabət və qarşıdurma mövcuddur. Liberalçılar, Makron tərəfdarları mühafizəkarların önə çıxmasının qarşısını almaq, onların simalarını və təmsilçilərini gözdən salmaq üçün müxtəlif vasitələrə əl atırlar".