Fuad Abbasov: “Qərb Kiyevdən güzəşt istəsə, Ukrayna müharibəni təkbaşına davam etdirə bilməyəcək”
ABŞ ilə Rusiya arasında Ukrayna müharibəsi ilə bağlı diplomatik müzakirələr davam etdiyi bir vaxtda Kiyev Vaşinqtonun mövqeyinə dair diqqətçəkən açıqlama verib. Ukrayna rəhbərliyi hesab edir ki, sülh danışıqları prosesində təzyiq balansı daha çox Ukraynanın üzərinə yönəlir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, danışıqlar zamanı ABŞ Kiyevə Rusiyadan daha çox təzyiq göstərir. Onun sözlərinə görə, Ukrayna danışıqlar prosesini dəstəkləyir və Vaşinqtonun bu prosesdə yardım edəcəyinə ümid edir.
“Bizə danışıqlar lazımdır, bu prosesi dəstəkləyirik. Ümid edirəm ki, onlar bizə kömək edəcəklər. Rusiyaya daha çox təzyiq lazımdır, bizə, mənə yox”, – Zelenski deyib.
Ukrayna lideri əlavə edib ki, Kiyev ABŞ-nin irəli sürdüyü bəzi güzəştlərə artıq razılıq verib.
Politoloq Fuad Abbasov Sherg.az-a deyib ki, Tramp hakimiyyətə gəldiyi gündən etibarən daha çox Zelenskiyə təsir edib:
“O seçki kampaniyasında verdiyi sözə uyğun olaraq müharibəni qısa müddətdə dayandırmağa çalışdığını göstərib. Lakin Rusiyaya qarşı eyni səviyyədə təzyiq göstərmədiyi və ya göstərmək istəmədiyi barədə fikirlər də var. Trampın bu xətti müəyyən mənada davam edir. Zelenskinin belə bir açıqlama verməsinin səbəblərini düşündükdə, bəzi ehtimallar ortaya çıxır. Onlardan biri ABŞ ilə Rusiya arasında Ukrayna məsələsi ilə bağlı pərdəarxası anlaşmanın mövcud ola biləcəyinə dair ehtimallardır. Bu ehtimala görə, ABŞ və İsrail İrana qarşı hərbi və ya siyasi müdaxilə edir, İran rəhbərliyini və hərbi potensialını zəiflətməyə çalışır, Rusiya isə buna ciddi müdaxilə etmir. Əvəzində isə Vaşinqtonun Kiyevə təsiri artır və Ukraynadan Rusiyanın bəzi tələblərinə razılaşması tələb oluna bilər. Bu, Moskva ilə Vaşinqton arasında rəsmi şəkildə elan edilməyən, lakin mümkün pərdəarxası razılaşma kimi qiymətləndirilə bilər. Kiyev isə bu ehtimalı gündəmə gətirməklə ABŞ-nin təkidi ilə Rusiya ilə danışıqlara getməyin nə qədər riskli ola biləcəyini göstərmək istəyir. Çünki Moskva bunu Ukraynanın zəifləməsi kimi qiymətləndirə və daha böyük tələblər irəli sürə bilər”.
Analitik qeyd edib ki, nəzəri olaraq müəyyən razılaşmada Donetsk, Luqansk və Krımın Rusiyanın nəzarətində qalması, digər ərazilərdə isə vəziyyətin dondurulması kimi variantların müzakirəsi mümkündür:
“Lakin Moskva bundan da artıq tələblər irəli sürə bilər ki, bu da Kiyev üçün ciddi risk yaradır. Ümumiyyətlə, münaqişə elə bir mərhələyə gəlib ki, hər iki tərəf həm insan, həm maliyyə, həm də hərbi baxımdan böyük itkilər verib. Bu səbəbdən tərəflərdən hər hansı birinin tam qələbə elan etməsi real görünmür. Buna görə də müharibənin dondurulmuş münaqişə modelinə keçməsi ehtimalı tez-tez müzakirə olunur. Belə bir ssenaridə tərəflər hazırda nəzarət etdikləri mövqelərdə qalır, aktiv döyüş əməliyyatları dayanır və danışıqlar mərhələsi başlayır. Tarixdə buna bənzər nümunələr var. Məsələn, 1994-cü ildə Azərbaycan və Ermənistan arasında münaqişə dondurulmuş vəziyyətə keçmiş və bu vəziyyət uzun illər davam etmişdi. Nəticə etibarilə, Zelenskinin açıqlaması həm daxili auditoriyaya, həm də xarici tərəfdaşlara yönəlmiş mesaj kimi qiymətləndirilə bilər. O, Ukrayna ictimaiyyətinə göstərmək istəyir ki, ölkə müharibəni uduzduğu üçün deyil, beynəlxalq təzyiqlər səbəbindən danışıqlara məcbur qalır. Eyni zamanda ABŞ və Qərb ölkələrinə də mesaj verir ki, Ukraynanın Rusiyaya qarşı mübarizəni davam etdirməsi üçün daha çox hərbi və siyasi dəstəyə ehtiyac var”.
Ekspertin sözlərinə görə, ABŞ və Avropa ölkələri Kiyevdən kompromis tələb edən vahid mövqe nümayiş etdirsə, Ukraynanın müharibəni təkbaşına davam etdirməsi çox çətin olacaq:
“ Bu halda Kiyev müəyyən güzəştlərə getməyə məcbur qala bilər. Zelenskinin mesajının əsas məğzi isə ondan ibarətdir ki, mümkün sülh prosesi yalnız Ukraynanın deyil, Rusiyanın da müəyyən güzəştlərə getməsi ilə mümkün ola bilər. Çünki bu müharibədə hər iki tərəf ciddi itkilər verib və davamlı sülh yalnız qarşılıqlı güzəştlər əsasında qurula bilər”.