Avropa Parlamentində 4,3 milyon avroluq maliyyə pozuntusu iddiası araşdırılır
Yusif Nəzərli
20:44 03.07.2025
Dünya
506
Avropa Parlamentində radikal sağ qüvvələri birləşdirən sabiq “İdentiklik və Demokratiya” (ID) fraksiyasının parlament tərəfindən həvalə edilmiş milyonlarla avroluq vəsaiti qanunsuz şəkildə xərclədiyi iddiası yeni qalmaqala səbəb olub.
AZƏRTAC Almaniyanın “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ARD kanalının “Kontraste” proqramının, “Die Zeit”, “Le Monde” və “Falter” qəzetlərinin daxil olduğu beynəlxalq araşdırma qrupu tərəfindən əldə edilən 29 səhifəlik hesabatda ID fraksiyasının 2019–2024-cü illərdə Avropa Parlamentindən aldığı 4,3 milyon avroluq vəsaiti hüquqazidd şəkildə istifadə etdiyi qeyd olunub. Qeyd edək ki, ötən ilin yayında buraxılan fraksiyanın tərkibində Avstriyanın Azadlıq Partiyası (FPÖ), Fransanın “Rassemblement National” partiyası və “Almaniya üçün Alternativ” (AfD) partiyası yer alıb.
Sənədə əsasən, ID fraksiyası müxtəlif təşkilatlara Avropa İttifaqının fəaliyyət sahəsinə uyğun gəlməyən qanunsuz ianələr ayırıb. Həmin vəsaitin bir hissəsinin dini və ideolojiyönümlü qurumlara, o cümlədən fraksiyaya yaxınlığı ilə tanınan şəxslərlə əlaqəli təşkilatlara ayrıldığı qeyd olunur. Eyni zamanda, tender qaydalarına əməl olunmadan müxtəlif şirkətlərə iri məbləğli sifarişlərin verilməsi, süni qiymət artımı və şəffaf olmayan razılaşmalarla bağlı ittihamlar da sənəddə yer alır.
Hesabatda bəzi maliyyə əməliyyatlarının uydurulmuş “68-ci maddə”yə əsaslandırıldığı, lakin bu cür hüquqi bazanın ümumiyyətlə mövcud olmadığı bildirilib. Fraksiyanın fəaliyyəti ilə əlaqəli olan və Fransa, Avstriya və Almaniyada yerləşən şirkətlərə böyük həcmdə ödənişlərin köçürüldüyü, həmin şirkətlərdən bəzilərinin rəhbərlərinin ifrat sağçı partiyalarla sıx əlaqələrinin olduğu iddia edilir. Belə ki, 3 milyon avrodan çox vəsaitin qanunsuz şəkildə xidmət müqavilələrinə xərcləndiyi, o cümlədən Avstriyadakı ifrat sağçı “Zur Zeit” həftəlik qəzetinə 2019–2024-cü illərdə 600 avroluq reklam və əlavələr üçün vəsait ödənildiyi qeyd olunub.
Hesabatda şübhəli xərclərin əsas hissəsinin Fransaya aid olduğu qeyd edilib. Fraksiyadan 1,4 milyon avrodan çox vəsait alan “Unanime” şirkətinin iki il əvvəl adını “Europacomm” olaraq dəyişdiyi və fransalı ifrat sağçı Marin Le Penə yaxınlığı ilə tanınan Frederik Şatillonun həyat yoldaşı tərəfindən idarə olunduğu qeyd edilib. Daha bir fransız şirkətinin “E-Politic”in isə 1,7 milyon avrodan çox vəsait aldığı bildirilib.
ID fraksiyasının keçmiş baş katibi Filip Kleyz ittihamları rədd edərək, fraksiyanın maliyyə hesabatlarının hər il həm xarici auditorlar, həm də Avropa Parlamenti tərəfindən təsdiqləndiyini bildirib.
Xristian Demokratlar İttifaqının (CDU) Avropa Parlamentindəki üzvü və Büdcə nəzarəti komitəsinin rəhbəri Niklas Herbst vəsaitlərin geri qaytarılmalı olduğunu və Avropa Prokurorluğuna (EPPO) rəsmi şikayətin təqdim ediləcəyini bildirib. Prosesə Avropa Komissiyasının dələduzluqla mübarizə üzrə Avropa bürosunun (OLAF) da cəlb olunması gözlənilir.
Fraksiyanın şübhəli ianə praktikasının 2019-cu ildən əvvəl də mövcud ola biləcəyi iddia edilir. Hesabatın bütün ödənişləri tam şəkildə əhatə etmədiyi nəzərə alınaraq, 4,3 milyon avroluq məbləğin daha da arta biləcəyi ehtimal olunur.
Bu məsələ Avropa Parlamentinin tarixində ən ciddi maliyyə qalmaqallarından biri hesab edilir. Vəsaitlərin qanunsuz xərclənib-xərclənməməsi isə məhkəmənin yekun qərarı ilə müəyyən ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət