Avropa ölkələri ABŞ-ın NATO çərçivəsində verdiyi hərbi dəstəyin azaldılması ehtimalına qarşı hazırlıq görür.
Sherg.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton böhran və ya müharibə zamanı Avropaya yönəldilə biləcək hərbi resursları əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Bu isə Avropa ölkələrinin hələlik öz gücü ilə əvəz edə bilmədiyi texnikalara təsir göstərə bilər.
"Bloomberg"-in məlumatına görə, planlaşdırılan dəyişikliklər strateji bombardmançıların təxminən 30 faiz azalması, kəşfiyyat və zərbə dronlarının 75–100 faizədək ixtisarı, həmçinin hərbi dəniz qüvvələrinin təxminən yarıya qədər azaldılması kimi addımları əhatə edə bilər.
Ekspertlər bildirirlər ki, Avropa ölkələri ABŞ dəstəyi olmadan mümkün hərbi ssenariləri artıq müzakirə etməyə başlayıblar. İxtisarların dəqiq vaxtı açıqlanmasa da, yaxın dövrdə həyata keçirilə biləcəyi istisna edilmir.