- Hikmət Babaoğlu: Azərbaycan təkcə Ermənistanla deyil, onun bütün havadarları ilə mübarizə aparırdı
- Prezidentin Qarabağa səfərləri həm də informasiya müharibəsinin strateji gedişi idi
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər yalnız hərbi əməliyyatların nəticəsi deyil, həm də siyasi, diplomatik və informasiya müstəvisində aparılan mübarizənin yekunu kimi qiymətləndirilir. Müharibə dövründə informasiya siyasətinin, beynəlxalq ictimaiyyətə həqiqətlərin çatdırılmasının və azad edilmiş ərazilərin real mənzərəsinin nümayiş etdirilməsinin əhəmiyyəti xüsusi olub.
Bu baxımdan, amerikalı hərbi ekspert Con Spenserin səsləndirdiyi fikirlər müharibənin kommunikasiya və informasiya tərəfinə yenidən diqqət çəkir. Amerikalı hərbi ekspert Bakıda “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabının təqdimatı zamanı bu məsələyə toxunub. O, Prezidentin informasiya müharibəsindəki rolunun qələbənin mühüm amillərindən biri olduğunu vurğulayıb.
Millət vəkili Hikmət Babaoğlu Con Spenserin fikirlərini Sherg.az-a şərh edib:

"Əldə etdiyimiz tarixi zəfərdən bəhs edən kitabın ictimaiyyətə təqdimatı zamanı amerikalı hərbi ekspert Con Spenserin səsləndirdiyi fikirlər real həqiqətləri əks etdirməklə yanaşı, müharibədə informasiyanın nə qədər mühüm rol oynadığını da bir daha göstərir. Eyni zamanda, müharibənin yalnız döyüş meydanında deyil, siyasi və diplomatik müstəvidə də həll olunduğu məsələsini gündəmə gətirir.
Doğrudan da, Azərbaycan bir sıra istiqamətlər üzrə paralel müharibəyə cəlb olunmuşdu. Bu müharibədə tərəflərin gücü, imkanları, eləcə də informasiya resursları baxımından ciddi qarşıdurma mövcud idi. Sonralar Azərbaycan Prezidenti bunu Yeni Azərbaycan Partiyasının VIII qurultayında belə ifadə etdi: “Biz bizə qarşı savaşan Ermənistanın havadarları ilə savaşaraq, onların havadarlarını da məğlub etdik”. Məncə, bu fikir bütövlükdə qlobal informasiya maşınının Azərbaycanla müharibəyə qoşulması faktının ifadəsidir".
Parlamentari bildirib ki, ABŞ-li hərbi ekspert də bu məsələyə toxunaraq, Qarabağ müharibəsində strategiya, texnologiya və qələbə anlayışlarının kommunikativ aspektinə xüsusi diqqət ayırır:
"Bu prosesdə, işğaldan azad edilmiş torpaqlarımıza Azərbaycan Prezidentinin Birinci vitse-prezidentlə birlikdə səfər etməsi xüsusi önəm daşıyır. Həmçinin, Azərbaycan xalqının illərlə həsrətində olduğu Vətən torpaqlarının hər qarışının Birinci vitse-prezidentin operatorluğu, Azərbaycan Prezidentinin isə müəllifliyi ilə lentə alınaraq həm Azərbaycan xalqına, həm də dünyaya təqdim edilməsi mühüm hadisə kimi vurğulanır.
Bu, Azərbaycanın qələbə əhvali-ruhiyyəsini qat-qat artırmaqla yanaşı, bizə qarşı informasiya müharibəsinə qoşulmuş mərkəzlərə erməni vandalizminin nə qədər dəhşətli olduğunu göstərmək baxımından da əhəmiyyətli idi. Ona görə də bəzən bunu sadəcə səfərlər kimi qiymətləndirsək də, amerikalı hərbi ekspertin yanaşmasında məsələnin bu nüansı da kifayət qədər strateji əhəmiyyət daşıyır".
Deputat vurğulayıb ki, kitab özlüyündə mühüm əhəmiyyətə malikdir:

"“Qarabağda müharibə: strategiya, texnologiya və qələbə” kitabının elə adından da göründüyü kimi, burada müharibə strategiyası, ən müasir texnologiyaların döyüş əməliyyatlarına cəlb olunması və qələbə əzmi kimi məsələlər öz əksini tapır.
Belə məzmunlu kitabların təqdimatı dünyaya Azərbaycanın qələbəsini və erməni faşizminin əsl mahiyyətini bir daha tanıtmaq baxımından olduqca əhəmiyyətlidir".