İsveçin Boden şəhərində NATO-nun yeni çoxmillətli FLF Finland qrupunun (Forward Land Forces Finland) rəsmi istifadəyə verilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, hazırda qrupun tərkibində 300 İsveç hərbçisi var, lakin gələcəkdə kontingentin sayının 1200 nəfərə, zərurət yarandıqda isə təxminən 5 min hərbçidən ibarət briqadaya çatdırılması planlaşdırılır.
İsveçin müdafiə naziri Pol Yonsonun sözlərinə görə, ölkənin yeni layihədə iştirakı onun NATO-dakı rolunu gücləndirir və alyans daxilində əlavə təsir imkanları yaradır. “FLF Finland” “Forward Land Forces” proqramı çərçivəsində yaradılmış doqquzuncu NATO qrupudur. Bu qüvvələr Rusiya sərhədi yaxınlığında yerləşdirilir və potensial təhlükələrə qarşı çevik reaksiya və müdafiə üçün nəzərdə tutulub.
İsveç layihənin aparıcı ölkəsidir. Bölmələr İsveçin Boden, Finlandiyanın Rovaniemi və Sodankyul şəhərlərində yerləşdiriləcək. İsveçlə yanaşı, Birləşmiş Krallıq, Fransa, Norveç, Danimarka, İslandiya və İtaliya qrupda iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.
NATO qeyd edir ki, yeni qüvvələr bir neçə saat və ya gün ərzində yerləşdirilməyə hazır olmalıdır. Həmçinin bu qüvvələr alyansın şimal və şərq istiqamətlərində kollektiv təhlükəsizlik sisteminin bir hissəsinə çevriləcək.