"Politico": NATO Ukraynaya 70 milyard avroluq yeni yardım paketini müzakirə edir

NATO ölkələri Ukraynaya 70 milyard avroluq yardım paketini müzakirə edirlər.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri alyansdakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, müvafiq təşəbbüs iyulda Ankarada keçiriləcək NATO sammitində təqdim edilə bilər.

Almaniya tərəfindən irəli sürülən təklif təkcə vəsaitlərin ayrılmasını deyil, həm də ayrı-ayrı dövlətlərin Kiyevi dəstəkləməyə verdiyi töhfələrin daha dəqiq uçotuna imkan verəcək yeni şəffaflıq mexanizminin yaradılmasını nəzərdə tutur. Diplomatların sözlərinə görə, alyansdakı bəzi ölkələr hesab edirlər ki, hazırda Ukraynanın maliyyələşdirilməsi yükü qeyri-bərabər bölüşdürülür.

NATO-nun yüksək vəzifəli rəsmisi bildirib ki, təşəbbüsün əsas məqsədi Ukraynaya uzunmüddətli və daha ədalətli dəstək sistemini təmin etməkdir.

Müzakirə olunan plana əsasən, Avropa İttifaqı tərəfindən Ukraynaya artıq razılaşdırılmış 90 milyard avroluq iki illik kredit yardım paketindən təxminən 30 milyard avro ayrılması planlaşdırılır. Daha 40 milyard avro isə ikitərəfli öhdəliklər çərçivəsində NATO ölkələri tərəfindən təmin edilməlidir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kiyevə yeni hərbi yardım göstərməyi dayandırdıqdan sonra Ukraynaya əlavə dəstək məsələsi xüsusilə aktuallaşıb. Hazırda Vaşinqton əsasən Avropa müttəfiqlərinin maliyyələşdirilməsi hesabına Ukraynaya silah tədarük edir.