Ukrayna və Moldovanın Aİ-yə üzvlüklərinə dair rəsmi danışıqlar başlayır

Avropa İttifaqı (Aİ) iyunun 15-də Ukrayna və Moldovanın birliyə üzvlüyü ilə bağlı mahiyyəti üzrə danışıqlara rəsmən başlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bütün üzv dövlətlər Ukrayna və Moldova ilə Aİ-yə üzvlüklə bağlı danışıqların ilk blokunun açılmasına razılıq veriblər. Bazar ertəsi keçiriləcək ilk hökumətlərarası konfransda biz Aİ-yə qəbul prosesinin əsasını təşkil edən fundamental prinsiplərə həsr olunmuş bloku açacağıq", - deyə paylaşımda bildirilib.

Ursula fon der Lyayenin sözlərinə görə, bu danışıqların başlanması ilə bağlı qərar, böyük çətinliklərə baxmayaraq, Ukrayna və Moldovanın islahatların həyata keçirilməsi istiqamətində nümayiş etdirdikləri qətiyyətin, cəsarətin və gərgin əməyin etirafıdır.