Ayxan Abbasov Andorra ilə oyun öncəsi heyətdə dəyişikliklərin anonsunu verdi

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşündən əvvəl fikirlərini bölüşüb.

Sherg.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mütəxəssis qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında bunları deyib:

"İlk növbədə, Emin Mahmudova təşəkkür edir, ona uğurlar arzulayıram. Milli komandada çox futbolçu çıxış edib, amma əsas məsələ iz qoymaqdır. Emin də bunu bacaran oyunçulardandır. Bir məşqçi kimi onun oyununu hər zaman bəyənmişəm. Sabah Emin üçün meydana çıxacağıq.

Andorra ilə qarşılaşma bu ilin son oyunu olacaq. Rəqibimiz inkişaf mərhələsində olan komandalardan biridir.

Sabah heyətdə müəyyən dəyişikliklər edəcəyik. Düşərgəyə dəvət olunan bütün futbolçulara, xüsusilə gənclərə şans vermək istəyirik. Məqsədimiz qələbə qazanmaqdır və bunun üçün əlimizdən gələni edəcəyik.

Penalti təyin olunarsa, zərbəni kimin yerinə yetirəcəyinə gəlincə, Emin Mahmudov meydanda olarsa, penaltini o vuracaq. Əks halda bu vəzifə Toral Bayramova həvalə olunacaq.

Heyətlə bağlı isə onu deyə bilərəm ki, Anton Krivotsyukdan başqa itkimiz yoxdur".