Səmərəli və çevik nəqliyyat xidməti: Məqsəd komfortun yüksək səviyyəyə çatdırılmasıdır -RƏY
09:56 25.06.2025
Cəmiyyət
520
Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar “Bakı Metropoliteni” QSC tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib.
Bu barədə QSC-dən bildirilib.
Yay qrafikinə əsasən metropolitendə qatarların hərəkəti iş və qeyri-iş günlərində iki fərqli cədvəllə tənzimlənir.
İş günlərində “28 May-Əhmədli” sahəsində və əks istiqamətdə saat 07:00-10:00 və 17:00-21:00-da qatarlar arasında interval 2,5 dəqiqə təşkil edir. Günün digər saatlarında qatarlar 3 dəqiqəlik intervalla hərəkət edir. Şənbə və bazar günlərinin cədvəlinə əsasən isə həmin istiqamətlərdə saat 06:00-dan 22:00-a qədər qatarlararası interval 3 dəqiqədir.
“28 May-İçərişəhər” və “28 May-Dərnəgül” istiqamətlərində interval qeyd edilən müddətlərdən iki dəfə artıq müəyyən edilib.
Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində hərəkət qrafikində dəyişiklik olunmayıb.
Qrafik dəyişikliyi “Bakmil” stansiyası və əksinə hərəkətə də tətbiq edilib və yeni qrafik “metro.gov.az” saytında yerləşdirilib.
Yay qrafiki yeni tədris ili başlanana qədər qüvvədə qalacaq.
Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Bakı Metropolitenində qatarların hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir:
“Bu yeni tədris ilinin başlanğıcı və yay mövsümündə baş verir. Yay mövsümündə edilən dəyişikliklər əsasən qatarlararası intervalların azaldılması ilə xarakterizə olunur ki, bu da sərnişin axınının intensivləşdiyi dövrdə daha səmərəli və çevik nəqliyyat xidmətlərinin göstərilməsinə şərait yaradır. Bu cür adaptiv qrafik dəyişiklikləri əhalinin hərəkət dinamikasına uyğunlaşdırılmaqla ictimai nəqliyyatın funksionallığını artırır. Tarixi baxımdan Bakı Metropoliteni keçmiş Sovet İttifaqının metropoliten sisteminə inteqrasiya olunmuşdu və burada tətbiq edilən texnoloji həllər SSRİ-nin digər şəhərlərindəki standartlara uyğun olaraq həyata keçirilmişdi. Lakin zamanla Bakı şəhərinin demoqrafik və iqtisadi göstəricilərində baş verən artım həmin sistemin texniki və infrastruktur imkanlarını aşmağa başladı. Bu səbəbdən son illərdə yeni stansiyaların inşası, texniki depoların yaradılması və tunel sistemlərinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Məqsəd sərnişindaşıma xidmətlərinin təhlükəsizlik, keyfiyyət və komfort baxımından daha yüksək səviyyəyə çatdırılmasıdır. Soyutma və havalandırma sistemləri ilə bağlı isə qeyd etmək lazımdır ki, bu texnoloji imkanlar yalnız yeni nəsil qatarlarda effektiv şəkildə tətbiq olunur. Köhnə qatar tiplərində bu cür sistemlərin quraşdırılması texniki baxımdan məhduddur. Eyni zamanda, Bakı Metropoliteninin infrastruktur xüsusiyyətləri və bəzi sahələrin geoloji-şəhərsalma xüsusiyyətləri yay aylarında temperaturun yüksək olduğu şəraitdə havalandırmanın effektivliyini məhdudlaşdıra bilir. Bununla belə, mövcud məlumatlara əsasən, yay mövsümündə sərnişinlərin komfort səviyyəsinin artırılması məqsədilə aidiyyəti üzrə tədbirlər görülməkdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət