ABŞ-İran atəşkəsi: sülh yox, “uzadılmış qarşıdurma” - ŞƏRH

Neft və nüvə təhlükəsi qalır, regionda sabitlik hələ uzaqdadır

Bəzi sitatlar var ki, onlar yalnız öz dövrünü deyil, sonrakı geosiyasi prosesləri də izah etmək üçün aktual olur. Məşhur siyasətçi, Böyük Britaniyanın keçmiş baş naziri Vinston Çörçil “Bu hələ son deyil. Bu, hətta sonun başlanğıcı da deyil. Bəlkə də başlanğıcın sonudur” fikri məhz belə ifadələrdəndir”.

Bu sözləri Sherg.az-a açıqlamasında ABŞ və İran arasındakı atəşkəs razılaşmasını şərh edən politoloq Fuad Abbasov deyib.  

Politoloqun sözlərinə görə, Çörçilin bu yanaşması II Dünya müharibəsindən sonra yaranan və onilliklər boyunca davam edən “soyuq müharibə” dövrünün mahiyyətini açmaqla yanaşı, bu gün baş verən qlobal qarşıdurmalar üçün də aktual hesab edilir: 

“Çörçilin bu niqtindən sonra soyuq savaş başlamış və 70-80 il boyunca davam etmişdi. Demək olar ki, indinin özündə belə qərb dünyası ilə Rusiya arasında soyuq küləklər əsməyə davam edir. 

Hazırkı mərhələdə İran ilə ABŞ/İsrail arasında müşahidə olunan gərginlik də məhz bu kontekstdə qiymətləndirilməlidir. Mövcud atəşkəs razılaşması zahirən münaqişənin səngiməsi kimi görünsə də, əslində bu, yalnız daha geniş və dərin qarşıdurmanın növbəti mərhələyə keçididir. Yəni, proseslərin mahiyyəti dəyişməyib, sadəcə forması müvəqqəti olaraq yumşalıb.

Aprelin 10-na İslamabad şəhərində planlaşdırılan danışıqlar tərəflərin siyasi iradəsini yoxlamaq baxımından mühüm mərhələ hesab oluna bilər. Lakin ilkin siqnallar göstərir ki, tərəflərin mövqeləri kifayət qədər sərt olaraq qalır. İranın 10 maddəlik, ABŞ–İsrail blokunun isə 15 maddəlik təkliflə çıxış etməsi kompromis üçün müəyyən platforma yaratsa da, bu sənədlər daha çox maksimalist yanaşmanın məhsulu kimi görünür.

Münaqişənin əsas strateji düyün nöqtələrindən biri isə Hörmüz boğazı üzərində nəzarətdir. Bu boğaz dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biri hesab olunur. İranın bu marşrut üzərindən təsir imkanlarını genişləndirmək cəhdi qlobal iqtisadi sistem üçün ciddi risklər yaradır. Belə ki, boğazın bağlanması və ya nəqliyyatın məhdudlaşdırılması neft qiymətlərinin kəskin artımına səbəb olub. Bu da həm Avropa ölkələri, həm Hindistan, həm də Çİn kimi iri iqtisadiyyatlar üçün arzuolunmaz ssenaridir.

Digər tərəfdən, ABŞ-ın İran üzərində maksimal təzyiq strategiyası da eskalasiyanı artıran amillərdəndir. Amerika İranı daş dövrünə qaytarmağı planlayır, bu da ancaq atom silahı ilə mümkündür. Lakin İranın lokal olaraq nüvə silahı ilə vurulmasına dünyada atoma sahib digər ölkələr səssiz qalmayacaq”. 

Bütün bu reallıqlar fonunda F. Abbasov hazırkı atəşkəsin uzunmüddətli sülh göstəricisi olmadığını deyib:

“Əksinə, bu, tərəflərin növbəti mərhələyə hazırlaşması üçün qazandıqları taktiki fasilə kimi qiymətləndirilə bilər. Uzun müddət bu qarşıdurmaya hazırlaşan aktorların heç bir ciddi siyasi və ya hərbi nəticə əldə etmədən geri çəkilməsi inandırıcı görünmür. Mövcud vəziyyət klassik münaqişə modelindən daha çox “uzadılmış qarşıdurma” xarakteri daşıyır. Bu isə o deməkdir ki, regionda sabitlik hələ uzun müddət nisbi və kövrək olaraq qalacaq, tərəflər isə birbaşa toqquşmadan çox, dolayı təsir vasitələri ilə mübarizəni davam etdirəcəklər”.