“ABŞ-İran savaşı illərlə davam edəcək" - Darya Qrevtsovanın "Şərq"ə MÜSAHİBƏSİ

“Açıq qalib olmayacaq, münaqişə proksi qüvvələr üzərindən uzanacaq”

“Müharibə regiona yayılır- Livan, İsrail və Yəmən yeni cəbhəyə çevrilir”

Yaxın Şərq yenidən qlobal siyasətin ən həssas nöqtəsinə çevrilib. ABŞ ilə İran arasında artan gərginlik, xüsusilə də Hörmüz boğazı ətrafında baş verən hadisələr regionu potensial olaraq uzunmüddətli və mürəkkəb qarşıdurma mərhələsinə sürükləyir. Enerji marşrutlarının taleyi, regional təhlükəsizlik balansı və böyük güclərin maraqları bu münaqişəni təkcə iki ölkə arasında deyil, daha geniş coğrafiyanı əhatə edən prosesə çevirib. Mövcud vəziyyətin mümkün inkişaf ssenariləri, müharibənin müddəti, miqyası və qlobal iqtisadiyyata təsirləri ilə bağlı suallar isə hələ də açıq qalır. 

Rusiyalı politoloq Darya Qrevtsova regionda baş verən gəriginliklə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-ABŞ-İran müharibəsi nə vaxta qədər davam edə bilər?

-İran və Hörmüz boğazı ətrafında mövcud vəziyyət həqiqətən son dərəcə gərgindir. Bir çox analitiklər savaşın uzunmüddətli qarşıdurmaya çevrilmə riski daşıdığı qənaətindədir. Münaqişənin tezliklə başa çatacağı ilə bağlı ümidlər hələlik özünü doğrultmur. Dünya daha da qeyri-müəyyən yeni bir mərhələyə daxil olur. Ağ Evin 4-6 həftəlik kampaniya ilə bağlı qiymətləndirmələri artıq geridə qalıb. Ekspertlər getdikcə daha çox aşağı intensivlikli, uzunmüddətli müharibə ssenarisinə meyl edirlər.

Mütəxəssislərin fikrincə, genişmiqyaslı toqquşmalar əvəzinə bizi “əsəblərin, büdcələrin və səbrin müharibəsi” gözləyir. Bu qarşıdurma illərlə davam edə bilər. Tammiqyaslı toqquşmalar əvəzinə nöqtəvi zərbələr, diversiyalar, proksi qüvvələr vasitəsilə münaqişə həyata keçiriləcək. Yaxın perspektivdə açıq qalibin olmayacağı vəziyyət formalaşacaq. Eyni zamanda demək olar ki, tərəflər böyük miqyaslı regional müharibədən və kütləvi zərbələrdən çəkinəcəklər. Çünki bunun nəticələri son dərəcə qeyri-proqnozlaşdırılandır. 

- Müharibənin miqyası böyüyəcəkmi?

- Münaqişənin digər ölkələrə yayılması demək olar ki, qaçılmaz görünür. Bu ölkələr sırasında ilk növbədə Livan və İsrail qeyd olunur. İsrailin şimal sərhədində gərginliyin kəskin artacağı gözlənilir. Burada İsrail “Hizbullah”ın raket qurğularını məhv etməyə çalışacaq. O, hazırda da Livan ərazisini aktiv şəkildə atəşə tutur. ABŞ isə İran obyektlərinə və ehtimal ki, Tehranın müttəfiqlərinə qarşı sistemli bombardmanları davam etdirəcək. İran da cavab olaraq proksi qruplar vasitəsilə hərəkət edəcək.

Yəmən də bu qarşıdurmada öz rolunu tutur. İranın müttəfiqlərinin Yəmən sahilləri yaxınlığında yerləşən Bəb əl-Məndəb boğazında gəmiçiliyi məhdudlaşdırmaq cəhdləri riski mövcuddur. Bu isə daha bir kritik cəbhənin yaranmasına səbəb ola bilər.

- Hörmüz boğazının taleyi necə olacaq?

-Tehran öz sahilləri boyunca hərəkət edən gəmiləri seçərək buraxır, keçid üçün ödəniş tələb edir, yük, sahiblik və digər məlumatları detallı şəkildə yoxlayaraq müəyyən filtrasiya mexanizmləri yaradır. Hazırda isə ABŞ blokada tətbiq edir. İslamabadda keçirilən danışıqlardan sonra Donald Tramp 13 apreldən etibarən dəniz blokadasının tətbiq olunduğunu elan edib. ABŞ İran limanlarına daxil olan və ya keçid üçün İrana ödəniş edən bütün gəmiləri ələ keçirməyi planlaşdırır.

- Bu vəziyyətin iqtisadiyyata təsirini necə oxuyursunuz?

-Bu vəziyyət, şübhəsiz ki, qlobal iqtisadiyyata ciddi təzyiq yaradır. Hörmüz boğazından dünya neftinin təxminən 20%-i daşınır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üzərindən keçən alternativ boru kəmərləri bu həcmin yalnız kiçik bir hissəsini kompensasiya edə bilir. Bəzi hesablamalara görə, bu neft ehtiyatları sadəcə 400 gündən çox müddətə kifayət edə bilər. Lakin istənilən eskalasiya neft qiymətlərində kəskin artımlara səbəb olacaq.